0
Yorum
0
Beğeni
0,0
Puan
915
Okunma
Şiirinizi Yazın
Bəlkə də yazdığımı
heç kimsə oxumadı,
Bəlkə də oxuyanlar bəyənmədi tulladı,
Solğun mürəkkəbinə
bulaşmış vərəqləri,
Bəlkə kimsə qaldırıb
ehmalca sığalladı.
Boşuna diyirlədim
bəlkə də səni,qələm,
Sətir sətir,sözbəsöz
zəhmətin hədər oldu,
Kimlər qızıl qırardı
sənin həndəvərində,
Kimlərə süvar oldun
səfil,dərbədər oldu...
Buludlar topa topa
ayaqladı günəşi,
Rüzgarlar əlçim əlçim
yoldu çölün başını,
Bir kələbək həyatdan
kam almamış doyunca,
Bəyaz kağızlar üstə
axıtdın göz yaşını.
...Qüruba uçub gedən
durnalar dönmür geri.
Kipriyimi sıxıram
içimə qəm dolanda.
Xatıralar bitməmiş
buraxıram əlimdən,
Axı, əlim titrəyir
sən əlimdə olanda.
Pəncərəmdə işartı...
Tüstülənir xəyallar.
Masamın üstündəki
bir siqara,bir də sən.
Hərflər səpələnir
nöqtələrin ardınca.
Yaşamağa umud var
hələ ki,əlimdəsən.