3
Yorum
5
Beğeni
5,0
Puan
545
Okunma
Sayı unutmuşam barmaqlarımda...
Gündüz də,gecə də sevirəm səni.
Çöhrəni ağlımda qıza bənzədib
Ah,həyat,necə də sevirəm səni.
Sabah qoxuyursan umudlarıma.
Qoxuna uçuram,arı gəlirəm.
Mən sənin baharda çiçək yuxunam,
Xoşuna içindən sarı gəlirəm.
Son bahar dönürsən...
Dönür yenə də
Ruhuma o çılğın sel axşamlarım.
Biz ki gedəsiydik o dənizlərə...
Oturub gözləyir yel axşamlarım.
Gecə Ay enəndə su qucağına
Biz də öpüşərik nişanlı kimi.
Eşqindən o qədər sərxoş olaram...
Başım havasından dumanlı kimi.
Gözümə çəkirəm dualarımla,
Sonu bilinməyən filmimsən mənim.
Hətta,iztirabın o qədər xoş ki...
Ən gözəl zalimim,zülmümsən mənim.
Ah,həyat necə də sevirəm səni...
Aldığım,verdiyin nəfəs qalınca
Səni sevəcəyəm qadınım kimi,
Könlümdə bir qırnıx həvəs qalınca!
*
5.0
100% (3)