3
Yorum
2
Beğeni
0,0
Puan
1684
Okunma

Qəlbində olmasa insana sevgi,
Qızıldan ,gümüşdən olsan nə fayda.
Min bir minnət ilə yetim-yesiri,
Süfrənin başında bilsən, nə fayda.
Əlləri olmayan şikəst əlildir,
Gözləri görməyən kordur zəlildir,
Ürəkdən korluğun sübut dəlildir,
“Əl tutub”cənnətə ölsən, nə fayda.
Vicdan olmayanda ağlamaz ürək,
Fitrə,iyanədən olarmı kömək?,
Əlilə mərhəmət,məhəbbət gərək,
Könülsüz üzünə gülsən, nə fayda.
Olsa Ədaləti,Haqqı dünyanın,
Xəstəsi ,bimarı olmaz insanın.
Dilənci payında yazılsa adın,
Behiştdən sorağın gəlsə, nə fayda.
Mərhəmət bağıran el səsiyəm mən,
İllahi sevdanın dəlisiyəm mən,
İnsanlıq Yolunun Ellisiyəm mən,
Canımı əlimdən alsan,nə fayda.