1
Yorum
1
Beğeni
5,0
Puan
1615
Okunma
Gözüm üstə yerin var
O məsum gözlərə göz vurur gözüm,
Köksümdə közərir kömürüm, közüm,
Ox deyən oğlanda olarmı dözüm,
Dözümün də dönməyi var, ay gözəl.
Günəş batar, baxt da yatar, bilginən,
Öz əlinlə göz yaşlarım silginən,
Sevgi dolu bu sinəmdə silkinən
Sözümün də sönməyi var, ay gözəl.
Payız fəsli, yetişibdi üzümlər,
Yaxan üstə o nə salxım, düzümlər?
Çöhrən üstə çən-çiskindi çözümlər,
Üzümün də çönməyi var, ay gözəl.
Göz, əllərə söz qoşulub əzəldən,
Gözəllərə söz qoşulub qəzəldən,
Göz doyarmı gözəllikdən, gözəldən,
Gözüm üstə öz yerin var, ay gözəl.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Hüseyn Faxralı
06.10.2011-ci il
5.0
100% (1)