4
Yorum
7
Beğeni
5,0
Puan
987
Okunma
Daşı daş üstə qalmayan,
Gedib- gələni olmayan,
Odu, ocağı yanmayan
Vətən.... Vətən!
Daşı çox ,vətəndaşı yox,
Həmsöhbəti, yoldaşı yox,
Dərd bölməyə sirdaşı yox
Vətən.... Vətən!
Neçə yerə parçalanan,
Tapdaq olan ,tapdalanan,
Ay ,,pay" olub paralanan
Vətən.... Vətən!
Sən ey yaşı bilinməyən,
Nə vaxtdır üzü gülməyən,
Şəhriyar gələ bilməyən
Vətən.... Vətən!
Yağmaladı farslar səni,
Yarı böldü ruslar səni,
Bizdən qopardılar səni
Vətən.... Vətən!
Qarabağın bəxti qara,
Kimləri gömdük məzara,
Sağalmaz sinəmdə yara
Vətən.... Vətən!
Xaçlılar qurdu ittifaq,
Araya saldılar nifaq,
Viran qalan hər bir tifaq
Vətən.... Vətən!
Coşur damarda qanımız,
Aydan arı vicdanımız,
Bizim müqəddəs andımız
Vətən.... Vətən!
Fərid Muradzadə
5.0
100% (6)