1
Yorum
5
Beğeni
5,0
Puan
711
Okunma
Kaş bir ada olaydı!
Şahə qalxan dalğalar
Ona layla çalaydı.
Qumlu sahillərini,
Ləpələr yalayaydı.
Kaş bir ada olaydı!
Tənha, hamıdan uzaq.
Onu mən kəşf edəydim,
Qalan bütün ömrümü
Olaydım orda qonaq.
Kaş bir ada olaydı!
Könlüm istəyən kimi.
Yalçın qayalarında,
Ruhum dinclik tapaydı
Özü istəyən kimi.
Kaş bir ada olaydı!
Yayda günəş şüası,
Qışda dəli küləklər
Orda at oynadaydı.
O ada da gecələr
Yalquzaq ruhum kimi,
Hərdən tənha qalaydı.
Doluxub insan kimi,
Doyunca ağlayaydı.
Göz yaşı qarışaydı
Mavi dəniz suyuna.
Coşub-daşan dalğanın
Hayına, harayına.
Kaş bir ada olaydı
Bu gileyli dünyada,
Bax o balaca ada,
Ruhumun sığındığı
Gözəl dünyam olaydı
Kaş o ada olaydı!
Fərid Muradzadə.
16.07.2019
20:25
5.0
100% (3)