0
Yorum
3
Beğeni
5,0
Puan
939
Okunma
Müzare bəhri
Məf’Ulü fA’ilAtü məfA’İlü fA’ilün
Yoxdur ürəkdə Xaliqi – Sübhan məhəbbətin,
Nəfsin şirin edib sənə dövran məhəbbətin.
Sürdün gözəl həyatda ömür, oldu hər şeyin.
Zahid, nədənsə olmadı iman, məhəbbətin.
Allah deyəndə ağlama zır – zır yalan yerə,
Eşq əhli göstərib bizə Canan məhəbbətin.
Eşqin ürəkdədir yeri, xəlq içrə ağlayıb,
Atmaz ayaqlar altına insan məhəbbətin.
Eşq əhli göz yaşın tuta bilməz, sıxar özün,
Cəhd eyləyər o etməyə pünhan məhəbbətin.
Aşiq odur ki, eşqinə xəlvətdə ağlasın,
Faş eyləməz bu aləmə Rəhman məhəbbətin.
Ya Rəbb, Anar da eşq ilə islam üçün yazar,
İnsan təfəkkürün ala Quran məhəbbətin.
Müəllif: Anar Əhəd
5.0
100% (2)