0
Yorum
1
Beğeni
0,0
Puan
859
Okunma
Bir "mən" varkı məndən başqa,
Baxır özümdən o yana.
İndi bildim rəngi pozuq
Dünya,gözümdən o yana.
Həyat donur calaqlarda,
Suya dönür bulaqlarda,
Şərqilər də qulaqlarda
Bitir,sözümdən o yana.
Hər yoxuşun enişi yox,
Ha qalxırsan tanışı yox,
O yolku var,dönüşü yox,
Sonu izimdən o yana.
Üzlər hazır boyanmağa,
Gözlər yatıb oyanmağa,
Torpaq yoxmuş dayanmağa
Demə,dizimdən o yana.
Aldı məni qucusuna,
Qardaş doğdu bacısına,
Kor taleyin acısına
Dözdüm dözümdən o yana.