2
Yorum
1
Beğeni
5,0
Puan
806
Okunma
Dəryalara atın məni,
Üzüm gəlim sizə sarı.
Kulunuzam satın məni,
Dözüm gəlim sizə sarı.
Əkməyimin duzu olun,
Dilimin ilk sözü olun,
Bulağımın gözü olun,
Sızım gəlim sizə sarı.
Pay olsun,minnət olmasın,
Çiləsi möhnət olmasın,
Sizlərə zəhmət olmasın,
Özüm gəlim sizə sarı.
Bu sevdanın lafı olmaz,
Müxənnəsin safı olmaz,
Gönlümün heç kefi olmaz,
Bezim gəlim sizə sarı.
Bir elçiyəm dost elindən,
Yamanlıq gəlməz əlimdən,
Nəğmələr düşməz dilimdən,
Yazım gəlim sizə sarı.
Gündoğandan Günbatana,
Axşam düşər mən çatana,
Dünya dəyməz bir Vətənə,
Gəzim gəlim sizə sarı.
*
5.0
100% (2)