3
Yorum
6
Beğeni
5,0
Puan
956
Okunma
Az qalıb quyruğun doğan vaxtına,
Burnuma payızın qoxusu gəlir.
Güzarı axşamın yağan vaxtına
Saçımda yağmurun yuxusu gəlir.
Yoxsa qorxusundan rəngi sarı mı?
Yamanca xoflanıb sıcağı günün.
Elə qurutdu ki,fidanlarımı...
Balasız qalaydı qucağı günün.
...Fırlanır boşuna yelqovanları,
Qovanı başına,yeli başına.
Hanı qaldırardı toz dumanları,
Dönüm o yellərin dəli başına.
Saralır quşların eşənəkləri,
Sərin budaqlarda buz sarmaşıqlar.
Hələ qarışmamış axşamın şəri,
Baxır eyvanlardan qız sarmaşıqlar.
Bir eşq oyalanır yaz yuxusunda,
Hərdən damcılayır şeh dodağına.
Mən də eləmişdim.
Naz yuxusunda
Bir öpüş vermişdim beh,dodağına...
Üstündə meh gəzir tərli sinəmin,
Bənzəyir yuxulu qızın əlinə.
Bir əl bulammadım fərli,sinəmin
Verimmi yaxasın güzün əlınə.
Deyəsən,o şeyin tərsi başlayır,
Demirəm...
Adını ayıb qoyarsız.
Sevdanın son payız dərsi başlayır,
Mənim qabağıma qayıb qoyarsız.
*
5.0
100% (4)