0
Yorum
3
Beğeni
0,0
Puan
149
Okunma
Dünya evinin ləzzəti var, qiyməti yoxdur.
Qiymət verənin möhləti var, cənnəti yoxdur.
Cənnət yolunun sünnəti var, adəti yoxdur.
Adətdə qüsur haləti var, rüsxəti yoxdur.
Şair sözünün hikməti var, qəfləti yoxdur.
Qəflət yolunun töhməti var, ibrəti yoxdur.
İbrətdə çıraq zinəti var, zülməti yoxdur.
Ey Azəribaycan dilə düşmüş sorağın var.
Odlar adı ismin kimi sönməz çırağın var.
Yeraltı su, yerüstü su, çaylar, bulağın var.
Neftin, qızılın, qaz yatağın, mis yatagın var.
Əlbət nə qədər saymadığım qol-budağın var,
Bu millətivün sərvəti var, qisməti yoxdur.
Qismətdə olan ne’məti var, fürsəti yoxdur.
Mö’min yaranan ayətin haqqın daşıyarmış.
Kafir qazanan zillətin haqqın daşıyarmış.
Hər bəndə olan xidmətin haqqın daşıyarmış.
Rəhbərlik edən millətin haqqın daşıyarmış,
Hər bir quruşun, qismətin haqqın daşıyarmış.
İnsan olanın mürvəti var, zilləti yoxdur.
Zillət verənin qüvvəti var, mürvəti yoxdur.
Sərmayə burax partiya qur müstəqilindən.
Qaldır başuvun üstünə rəhbər şəkilindən.
Ol ölkəyə nazir, ya da millət vəkilindən.
Tut postuvu doxsan yaşacan ol təvilindən,
Artır çoxalan sərvətüvi ilbəilindən.
Mə’murluğun hər surəti var, xidməti yoxdur.
Xidmətdə yaşın söhbəti var, müddəti yoxdur.
Qəm içrə keçən qırx ilə ömrüm bitir, Allah!
Müsbət nəsə yoxdur ki, yazım bir sətir, Allah!
Həm varlığıvun məfhumu gözdən itir, Allah!
Lütfün ilə dünyaya ədalət gətir, Allah!
Sən seç içimizdən bizə rəhbər yetir, Allah!
Göndər elə kəs şəfqəti var, nifrəti yoxdur.
Nifrətdən uzaq qüdrəti var, şiddəti yoxdur.
Müəllif: Anar Əhəd