1
Yorum
7
Beğeni
5,0
Puan
486
Okunma
Bu dövürdə az imiş qəlbi gözəl olanlar
Zahirdəymiş nə varsa, gözəllik üzdə qalmış
Ürpərirəm ilahi! Nə çox imiş yalanlar,
Ayaq tutub yeriyir, düz isə düzdə qalmış
Vaxt varıydı görərdik hər şeyi öz yerində
Varıydı böyüklərin ehtiramı dərində
O köhnə kişilərin fələyin çəmbərində
Şax duruşu sınıbdı, papağı dizdə qalmış
Kim oxuyar bu xalqın, diriliş qaməsini
Yoxki o şanlı katib, yazıb salnaməsini
Yaxşılığın, düzlüyün, mərdliyin naməsini
Kağızı köhnəlibdi, qələmi mizdə qalmış
Əsirinə çevrilib tağuta heyranlığın
Qərq olubdu içinə bir zifri qaranlığın
Kim tutar matəmini bu yazıq insanlığın
Canını tapşırarkən, son şəkli gözdə qalmış
Əhdinə vəfalı az, bir sözünün əri yox
Ağsaqqalın sözünün azacıq kəsəri yox
Hörmət rüşvətə çönüb, hörmətdən əsəri yox
Səbrin səbri tükənib, bir azca dözdə qalmış
Harda bir fayda olsa ortadan ağa çıxır
Görsə faydası yoxdur basıb qırağa çıxır
İsti münasibətlər şəxsi marağa çıxır
İstisi buxar olub, soyuğu közdə qalmış
Zaman ağırdan ağır, mənzil uzaq, yol çətin
Bəşəriyyət qıvranır girdabında zillətin
Toz basıbdı üstünü müqəddəs məhəbbətin
Ehtirasa çevrilib, sevdalar sözdə qalmış
5.0
100% (2)