2
Yorum
5
Beğeni
5,0
Puan
1023
Okunma
Bəlkə insanlar da təbiət kimi,
Bəlkə təbiət də insanlar kimi.
İnsan sürüləri qoxuyar necə
Eləcə qoxuyar qaldırsan çimi.
Qurdlar,qarıncalar,bitlər,birələr...
Gör çimin altında nə canlar yatır.
Hər şapqa altında millətdi guya,
Ağlı sürüləşmiş insanlar yatır.
Bir sinək,bir insan.
Fərqli iki can,
Birinin qanadı,birinin beyni.
Biri vara qonur,biri şirəyə.
Formalar müxtəlif məzmunlar eyni...
Qədim bağçamızda nə vaxtdan bəri
Kəsilib atılmış nar şəli durur.
Altından cücərib qalxmış çayırlar,
Necə təkəbbürlü,öfgəli durur.
Dayaqdı,arxadı çayır-çəmənə
Quru budaqların ara-bərəsi.
Bir şəlin atalıq qayğısına bax,
Nə şapqa,nə vergi,nə ev kirəsi.
Tutub ətəyindən şax budaqların
Uzanıb böyümüş,yekəlmiş çayır.
Toyuğun,cücənin gözündən iraq
Şəlin kölgəsində dikəlmiş çayır.
Bir addım o yanda həmincə çayır
Yerdə sürünməkdən dizləri qançır.
Qonşunun iti də almır vecinə,
Üstünə başına eləyib qaçır.
Nəyi var yazığın elə əynidir,
Siçanlar cibində eşələnirlər.
Toyuqlar başından bir qappam alır,
Cücələr dibində eşələnirlər.
Arxalı kopəklər deyir qurd basar,
Səni qurd-quş yeyər arxan olmasa.
Bu dünya belədir,basıb keçərlər,
Arxandan,dalından qorxan olmasa.
Ağacın yoxdursa kölgələnməyə,
Dayağın yoxdursa tutub durmağa,
Başında şapqalıq biri yoxdursa,
Nə hacət ev tikib,eşik qurmağa.
Böyük insanların böyük kölgəsi,
Böyük ağacların böyük kölgəsi.
Özündən böyükdə kölgələnərək
Kölgələr böyüdür böyüyən kəsi.
Çayırsan,çəmənsən,adamsan,itsən,
Ayaqda durmağa yiyən gərəkdir.
Gümüşdən qanadı at arzulama,
O atı sürməyə yüyən gərəkdir.
Qayğıya möhtacdı canlı və cansız.
Ya çayır,ya insan sürüsü olsun.
Nə fərqi adamdı,şaxdı-şəvəldi,
Təki qoruyacaq birisi olsun.
*
5.0
100% (4)