0
Yorum
0
Beğeni
0,0
Puan
928
Okunma
Hələ başımdadır köhnə havalar,
İndi elə vaxtım,elə çağımdır
Hər hava üstündə oynamağım var.
Mənim yaşamağım oynamağımdır.
Köhnə havalara tamarzıyam,o
Qaval havasına,tar havasına.
Azmı oynamışam ayaqyalın mən,
Yağış havasına,qar havasına...
...
Hələ başımdadır köhnə havalar,
Koroğlu havası-cəngi havası.
Bir az zaman üstə dəmi dəyişib,
Elə o vaxtkıdır rəngi,havası.
...Düşüb təqvimlərin vərəqlərində
Otuzun altında yaş axtarıram.
Fırlatdım Şeytana dəymədi,indi
Beşdaş oynamağa daş axtarıram.
Albayraq,ənzəli...
Hə,biri də var.
Gizlənpaç,açdım qaç...
Yuman elə mən.
Çox şeyə göz yumub dəm tuta-tuta,
Salıb itirmişəm gələ-gələ mən.
Bağım,xiyabanım xatirələrim,
Elə kövrəyəm ki,nar çiçəyində.
Üstündə gəzirəm arılar kimi,
Bütün varım,yoxum bar çiçəyində...
Hələ başımdadır köhnə havalar,
Torpağın havası,kəndin havası.
Hərləyib,fırlayıb nənəm yatanda
Qənddandan çaldığım qəndin havası...
...
Bu qədər yaşadım,zarafat deyil,
Başım dərd içində, oyun içində.
Xəyalım fikrimin hüdudlarında,
Özüm qarğa-quzğun,qoyun içində.
Yaşımın göz vurur sarı işığı,
İçimdən bir acı,bir sızı gəlir.
Qorxuram böyürdən basıb keçməyə,
Bilirəm,dalınca qırmızı gəlir.
Başımda havalar,oynadır məni.
Adlarsam o yana,qəzası böyük.
Burda sən öl vurmaq,yalvarmaq keçmir,
Burda xətaların cəzası böyük...
Hansı xatirələr salır yadıma,
Həftəbir oyanıb sönən havamı.
Gözümü yaşardıb sədaqətiylə,
Saçımda bəyaza dönən havamı.
Deyirsən...
Həyatın harası gözəl,
Elə qüssəsi var,elə qəmi var.
"Vağzalı" üstündə yaşadır məni,
Hələ başımdadır köhnə havalar.
...
Hələ başımdadır köhnə havalar,
Cırtdanın meşədə nağıl havası.
Üç yol ayrıcında qalmışam,yoxsa
Səs,işıq havası,ağıl havası.
Hər hava üstündə oynamağım var...
Sanki,ip üstündə gəzən biriyəm.
Yıxsan,yıxılsam da ağlamaram heç,
Mən ipə,kəndirə dözən biriyəm.
*