0
Yorum
3
Beğeni
5,0
Puan
782
Okunma
Adəm kişi,Həvva qarı nəkara,
Mənim işim səninlədir,ilahi.
İsa dedik,Musa dedik,bekara,
Mənim işim səninlədir,ilahi.
Çiy palçıqdan əza yapdın,nə işim,
Ölçdün,biçdin fəza yapdın,nə işim,
Bir buğdaya cəza yapdın,nə işim,
Mənim işim səninlədir,ilahi.
Havlanıram,hovlanıram adınla,
Pusqu qurub ovlanıram adınla,
Min illərdi tovlanıram adınla,
Mənim işim səninlədir,ilahi.
İnkir-Minkir,cəbrə lüzum görmürəm,
Adam boyu qəbrə lüzum görmürəm,
Yetər artıq,səbrə lüzum görmürəm,
Mənim işim səninlədir, ilahi.
Baş açmıram bu imandan, təqvadan,
Bu cihaddan,bu savaşdan,qovğadan,
Səni tutdum əlim çıxdı dovğadan,
Mənim işim səninlədir, ilahi.
Sən bilirsən bu gizlidir,bu bəlli,
Qiyamətin əzabıma təsəlli,
Nə vallahu,nə allahuməsəlli,
Mənim işim səninlədir, ilahi.
*
5.0
100% (3)