1
Yorum
0
Beğeni
0,0
Puan
959
Okunma
Şair, yaşa hələ
(Şair Vahid Sabahın “Şair ölmə,
yaşa hələ” şeirinə qarşılıqlı)
Nə qədər ki, saçlarına
Adda-budda dən düşməyib,
Nə qədər ki, üz - gözünə
Çöysüyübən çən çökməyib,
Ölmək nədi, yaşa hələ!
Bu dünya bir nağıl, yazdı,
Bir gözəldi işvə, nazdı,
Kam alarsan kaman, sazdı,
Yaşamağa yüz il azdı,
Azar görmə, yaşa hələ!
Nuh əyyamdan belə gəlib,
Torpaq udub, canlar gedib,
Xadim, xain, xanlar gedib,
Gedənlərə kim nə edib?
Elə demə, yaşa hələ!
Söz qananın qadasını
Qana – qana özüm allam.
Qanmazların köksü üstə
Köz basaram, kül, od sallam.
Qadan alım, yaşa hələ!
Deyirsən dünya qəfəsdi,
Gələn, gedən can, nəfəsdi,
Dirigözlü öldük, bəsdi,
Əndişə, təlaş əbəsdi,
Vahid yarat, yaşa hələ!
Nə qədər ki, atdığın ox
Toxunmayıb daşa hələ,
Nə qədər ki, meyil quşun
Qonub kamanqaşa hələ,
Şair ölmə, yaşa hələ!
~~~~~~~~~~~~~~~~~~~~~
03.01.2013-cü il