2
Yorum
6
Beğeni
5,0
Puan
461
Okunma
Təpik sənə dəydi,yenə də sənə,
Həm suçlu,həm güclü ola bilmədin
Evində qəpiyin qurtardı yenə
Balana çörəyi ala bilmədin
Can kasıb,evində qala bilmədin?
Ustasan,fəhləsən,təmizlikçisən,
Kim duyar dərdini dünyaya desən?
Limit,kirayədə,kreditdəsən
Yaşaya bilmədin,ölə bilmədin,
Can kasıb,evində qala bilmədin?
Zənbillə dərmanı alırsan baha,
Canın boğazına yığılıb daha,
Ümidin qalıbdır ancaq Allaha,
Hər kəsin yoluna gələ bilmədin?
Can kasıb,evində qala bilmədin?
Batman ilə gələr dərd də gələndə,
Ağlarsan el-aləm sənə güləndə,
Hamı öz canının qədrini biləndə
Qurban gedən oldun,bilə bilmədin
Can kasıb evində qala bilmədin?
Çıxma çölə ,evdə daşı qaynat iç
Dəyərin olmadı,olmayacaq heç,
Nəyin var verəsən?Cərimədən qaç,
Qiymətlər də qalxır hələ,bilmədin,
Can kasıb,evində qala bilmədin?
Düşmüsən tələyə ,dara,sınağa,
Tək sənə zor gələr qanun,qadağa,
Nə geri yol vardır,nə də qabağa,
Haqqın necə gəlsin dilə,bilmədin,
Can kasıb evində qala bilmədin?
Aptekdə maska yox,onsuz icazə,
Di otur başına gəlibdir qəza,
Evdə aclıq gözlər,bayırda cəza
Necə verəcəksən yola bilmədin,
Can kasıb,evində qala bilmədin!
Dilarə Süleyman
5.0
100% (4)