0
Yorum
0
Beğeni
0,0
Puan
822
Okunma
Dad-həzar əlindən yarımçıq kəsin,
Boş danışar, kamil sözü bilinməz.
Yaxşını-yamanı hey qarışdırar,
Nə əyrisi, nə də düzü bilinməz.
Qısır bulud kimi hey guruldayar,
İrəli getməkdən, yerində sayar.
Fitnələr törədib, ellərə yayar,
Astarı bilinməz, üzü bilinməz.
Qarışdırar müdam ağı-qaranı,
qurdalayar qaysaq tutmuş yaranı.
Başında əsdirər soyuq boranı,
Baharı bilinməz, yazı bilinməz.
Şeytan sığal çəkib onun üzünə,
Fikir verməz danışdığı sözünə.
Baxmaz yolun əyrisinə-düzünə,
Cığırı bilinməz, izi bilinməz.
Əflatunam, budur sözüm müxtəsər,
Müxənnətə eyləmərəm bir nəzər.
Zatı qırıq kəsdən Allah da bezər,
Bir hesabı, əlli-yüzü bilinməz.