1
Yorum
5
Beğeni
5,0
Puan
259
Okunma
Ellərə vurğunam, el aşiqiyəm,
Bu eşqi, həvəsi ellərdən aldım.
Köksümdə alışan vətən sevgisin
Şirin-şirin ötən dillərdən aldım.
Neçə bələn keçib, zirvə aşmağı,
Qaynayıb-qaynayıb, dolub daşmağı,
Azğın çaylar kimi hərdən coşmağı
Dağlarda kükrəyən sellərdən aldım.
Çəkilir zirvədən dumanı-çəni,
Təbiət sehrinə salıbdır məni.
Çox sevdim çiçəyi, gülü, çəməni,
Şerimin ətrini güllərdən aldım.
Necə rəngli keçdi cavanlıq çağı,
Onu yaxşı bilir ömrümün bağı.
Hərdən sular kimi dalğalanmağı
Müşg-ənbər qoxuyan tellərdən aldım.
Əflatun, sinəmə dərdi tökməyi,
Bağrımın başını didib sökməyi,
Bəzən xəyallarda həsrət çəkməyi
Acılı-şirinli illərdən aldım.
5.0
100% (2)