0
Yorum
0
Beğeni
5,0
Puan
964
Okunma
Asmışam gözlərimi
qəlbin kimi somsoyuq
buz kəsmiş pəncərəmə
Arxanca boylansın,
dalınca baxsın deyə.
İti baxışlarını
birlikdə gəzdiyimiz
bu küçələr uzunu,
Ya da sahillərdəki
izinə taxsın deyə.
Xəyal edir: "Bəlkə də
küçə boyu uzanan
daş hasarın
arxasından göründün?
Qəfildən dar aradan
evimizə sarı döndün".
Asmışam gözlərimi
qəlbin kimi somsoyuq,
buz kəsmiş pəncərəmə,
Baxışlarım
dəniz ilə birlikdə,
dəniz ilə səs-səsə
Səsləyirik keçmişi,
boylanırıq dünənə.
Xəyalınla, əzizim,
dayanaraq baş-başa,
durub nəfəs-nəfəsə
Asmışam gözlərimi
qəlbin kimi somsoyuq,
buz kəsmiş pəncərəmə.
Gözlərimin yaşıyla,
nisgilimi yuyuram.
Sönürəm asta-asta,
öldüyümü duyuram.
Süzülür yanağımdan
gözyaşım gilə-gilə,
Asmışam gözlərimi
qəlbin kimi somsoyuq,
buz kəsmiş pəncərəmə.
Bir daha,
mən bir daha
oradan baxmayacam,
Nigaran ruha dönüb,
səni hər bir köşədə,
hər yanda arayacam.
Duyarsan ölümümü,
məzarıma bircə kəz
gələrsən, qurban olum.
Bircə dəfə, nə olar,
bircə dəfə qəbrimə
"sevirəm" kəlməsini
deyərsən, qurban olum.
5.0
100% (1)