0
Yorum
0
Beğeni
0,0
Puan
1050
Okunma
“Yağma,ay qar!”
Yağma,ay qar!
Yağma bir də...
Sən yağanda yenə qəlbim
Qonaq olur “Keçmiş” adlı
Böyük dərdə...
Yağma,ay qar!
Yağma bir də...
Bu dünyanın günahları yenə səndə gizlənəcək...
Ürəyimin bir yerində
Məndən gizli
Yeni sevgi bəslənəcək...
Yağma,ay qar!
Bir zamanlar
Məndən uzaq
Qaçıb gedən “hisslərimi”
Ətrafıma
Yığma,ay qar...
Dərdim qara,eşqim qara...
İstəmirəm bu dünyanın
Ağ rəngini...
Əgər qəlbim sevgi ilə döyünürsə,
Donduraram o ürəyi,
Dəyişərəm
Ahəngini...
Yağma,ay qar!
Yağma bir də...
Elə bilmə soyuğundan çəkinirəm,
Elə bilmə qorxuram ki,donaram mən...
Sən yağdıqca keçmişimin səadətli günlərini
Yada salıb anaram mən...
Bunu isə istəmirəm...
Söz vermişdim,
Dünənimə nöqtə qoyub
Sabah üçün yaşamağa,
Həyatıma qənim olan
Dərdlərimi
həmişəlik “boşamağa”,
Söz vermişdim...
Yağma,ay qar!
Yağma bir də...
Uşaq vaxtı çox sevərdim yağmağını,
İndi isə istəmirəm.
Çünki əvvəl bu dünyanın işlərindən
Xəbərim də yox idi heç...
İndi isə hiss edirəm
Bu dünyanın günahını örtmək üçün,
Yağdığını...
Neçə-neçə günahsızın haqq səsini
Boğduğunu...
Yağma,ay qar!
Yağma bir də...
Qoy nə varsa bu dünyada
Dəyişməsin.
Qalsın elə öz rəngində...
Emin İbrahim