0
Yorum
0
Beğeni
0,0
Puan
1051
Okunma
Dünyanı qamarlayan
Acgöz hərislər də var.
Quru çörəyə möhtac,
Yalavac kəslər də var.
Zənbillərlə dolları
Qoymağa yer tapmayan,
Bir manata göynəyib,
Sızlayan hisslər də var.
O buna düşmən olub,
Zəli kimi qan sorur.
Bu onun qarşısında
Müti qul kimi durur.
İnsan insana qənim,
Gah gizli, gah aşkara.
Var-dövlət yığmaq üçün
Gündə min fitnə qurur.
Dünya yaranan gündən
Həyat təzadla dolu.
Bir yanda hökm eyləyir,
Şərin güclüdür qolu.
Biri əsir bu yanda,
Biri coşur o yanda.
Dünyada məsum insan
Tapmayır çıxış yolu.
Nə olsa da axırda
Haqqın fərmanı hakim,
Məsuldur əməlindən,
Nə eyləmişsə hər kim.
Yığılan sərvətləri
Fələk sovuracaqdır,
Beş arşın ağa möhtac,
Budur həqiqi hökm.
İstər zalim, ya məzlum,
Bir gün toz olasıdır.
Fələk sərt kəməndinə
Hamını salasıdır.
Öyünmə nəçi olsan
Müvəqqəti həyatda,
Kim qalıb ki dünyada,
Dünya kimə qalasıdır?