1
Yorum
0
Beğeni
5,0
Puan
844
Okunma
Ay qağa
Qarıldayıb “qa” deməklə
Qarğa qaz olmaz, ay qağa.
Qaş–göz oynadan qadında
Qəmzə, naz olmaz, ay qağa.
Könlün yoxsa, köməy ilə,
Pəhriz tutub yeməy ilə,
Qadan alım deməy ilə
Ağrı azalmaz, ay qağa.
Dizə çömbəlib, çökməsən,
Tər töküb, zəhmət çəkməsən,
Al - əlvan güllər əkməsən,
Bağça bağ olmaz, ay qağa.
Hər sözün öz ab – havası,
Öz məğzi var, öz mənası,
Sözün xası, xal, xatası,
Qara ağ olmaz, ay qağa.
Bir nəzər sal yan-yörənə,
Dərə-təpə, çökək, yalaq,
Tök torpağı qalaq-qalaq,
Təpə dağ olmaz, ay qağa.
Ayıb gətirər arsızlıq,
Qan qaraldar qayğısızlıq,
Dost arası sayğısızlıq,
Sayrı sağ olmaz, ay qağa.
Can yaranıb cəfa çəkə,
Ömür sürə, səfa çəkə,
Fikir, xəyal çəkə-çəkə
Kefim cağ olmaz, ay qağa.
Ləlvərim ləldi, lələdi,
Şərəfsizlik şər, şələdi,
Köpəklər kimə kölədi?
Məndə lağ olmaz, ay qağa.
Üz bozardar dilin lafı,
Üz ağardar sözün safı,
Salam verən hər əclafı
Sadiq sanma sən, ay qağa.
Bu dünya al – ver dünyası,
Alacaq da, satacaq da,
Arada bir atacaq da,
Arsız qanmaz, qan, ay qağa.
~~~~~~~~~~~~~~~~~~~~~~~
Bakı, 23.02.2012-ci il
5.0
100% (1)