2
Yorum
0
Beğeni
0,0
Puan
997
Okunma
Gidi dünya
İlahidən ilgilidi,
Binadan da bilgilidi,
Qayğılıdı, fikirlidi,
Qosqocaman, gidi dünya.
Ölçülüdü, biçimlidi,
Bir su qurtum içimlidi,
Gəlimlidi, gedimlidi,
Qosqocaman, gidi dünya.
Ölümlüdü, itimlidi,
Olumludu, bitimlidi,
Sarsıdan, sarı simlidi,
Qosqocaman, gidi dünya.
Tüstüsü var, tüğyanı var,
Tufanı var, boranı var,
Yaradanı, quranı var,
Qosqocaman, gidi dünya.
Vurulmuşu, vurğunu var,
Yolda qalan, yorğunu var,
Çor deməyi, çovğunu var,
Qosqocaman, gidi dünya.
Verməyi var, almağı var,
Hər bir işdə barmağı var,
Xam xəyala dalmağı var,
Qosqocaman, gidi dünya.
İftixarla çaldı, getdi,
Ağuşuna aldı, getdi
Neçə namərd, mərd, igidi,
Qosqocaman, gidi dünya.
Ay Səngərli, nə bilmisən,
Nə yatmısan, nə görmüsən,
Çabaladar girdabında
Qosqocaman, gidi dünya.
~~~~~~~~~~~~~~~~~~~~~
Hüseyn Aslanoğlu (Səngərli)
22.08.2011-ci il