2
Yorum
6
Beğeni
5,0
Puan
790
Okunma
Əflatun Hüseynoğlu :
Bu dünyaya belə gəldik-gələli,
Dərd-kədərlə düşdük işə ay bacı.
Zəmanənin əzabını çəkməyi
Özümüzə etdik peşə ay bacı.
Tahirə Türkmən :
Vurub bu kədərə bir sərt təpiyi,
Aşıb dağ-dərəni, gah da gədiyi.
Budur şairənin sənə dediyi,
Bu qoca dünyanı yaşa, qardaşım.
Əflatun Hüseynoğlu :
İslanmışın yağışdan nə qorxusu,
Batıb lığa insanların çoxusu.
Yatmır, ərşə çıxıb gözün yuxusu,
Necə vuraq ömrü başa, ay bacı?
Tahirə Türkmən :
Çox yağmurlar yağıb, günəşlər doğub,
Haqqın tamamında düz şəri boğub.
Bu dünya gərdişə baxıb ha baxıb,
Ümidin yolunda yaşa, qardaşım.
Əflatun Hüseynoğlu :
Doğrudur, qədəri yazan Allahdır,
Çoxunun çəkdiyi amandır, ahdır.
Əksinə getmirəm, bu bir günahdır,
Özü yazır bəxti yaşa, ay bacı.
Tahirə Türkmən :
Bəxti gətirənin dərdi gizlidir,
Varlıda sir olan kasıbda sözdür.
Çəkmək istəsən bil, tərəzi düzdür,
Azı-çoxu yox ki, yaşa qardaşım.
Əflatun Hüseynoğlu :
Mən nə deyim bəxti yazan qələmə,
Əflatunun günü dönüb ələmə.
Yoldaş olduq çətinliyə, zülümə,
Qismətimiz dönüb daşa ay bacı.
Tahirə Türkmən :
Bilməzsən bəxt gəlir necə, haradan,
Aqillər seçərlər ağı qaradan.
Tahirə deyər ki, böyük Yaradan
Gözəl qismət yazar yaşa, qardaşım.
5.0
100% (1)