3
Yorum
4
Beğeni
5,0
Puan
861
Okunma
Dağıl a dünya...
Sənin varlığınla işlərin saxta,
İnsan talehini buraxdın baxta,
Hiylə,möcüzənlə öyünmə çox da,
Hər işin, əməlin nağıl a dünya,
Bezdim varlığından,dağıl a dünya.
Alçağa,nadana nə var verirsən,
Məsum insanlara azar verirsən,
Haqq yolun haqsıza yozar verirsən,
Çəkərək şeytana sığal a dünya,
Bezdim varlığından,dağıl a dünya.
Bilmədin şərəfi,qeyrəti nədir,
Böyüyə kiçiyə hörməti nədir,
Ləyaqət deyilən sərvəti nədir?
Barı abırına qaxıl a dünya,
Bezdim varlığından,dağıl a dünya.
Hiyləbaz,dələduz həddini aşır,
Böhtanlı çəlləyin dolub da daşır,
İnsanlıq yolunu azaraq çaşır,
Gəl haqqın yoluna yığıl a dünya,
Bezdim varlığından,dağıl a dünya.
Mən səndə ədalət necə gəzim?-yox,
Alıbsan səsimi çıxmır səsim yox,
Sənlə danışmağa heç həvəsim yox,
Böhtan əməlinlə yıxıl a dünya,
Bezdim varlığından,dağıl a dünya.
Bayramı çox çəkdin sorğu-suala,
Haqsızlıq baş verən hər qalmaqala,
Baxmadın insanda ağıl-kamala,
Sənə gərəksizmiş ağıl a dünya,
Bezdim varlığından,dağıl a dünya...
2015.
5.0
100% (3)