0
Yorum
0
Beğeni
5,0
Puan
971
Okunma

KÖRPƏLƏR
Dilimin dadıdı, ağzımın tamı,
Şirindi, şəkərdi, baldı körpələr.
Aydın səhərlərə, xoş gələcəyə
Ömrümdən körpülər saldı körpələr.
Böyüyər anbaan, saatbasaat,
Gülsə gözəlləşər yenidən həyat.
Vallah, ala bilməz onu varidat,
Tanrıdan ərməğan gəldi körpələr.
Atamın yerində atadı, bəlkə,
Anamın yerində anadı, bəlkə.
Bütün gözəlliklər yanadı, bəlkə
Ən zərif çiçəkdi, güldü körpələr.
Əlimdən bir zaman tutub gəzənim,
Bir zaman qolumdan tutacaq mənim.
Çəkilər gözümdən dumanım, çənim
Görərəm gövhərdi, ləldi körpələr.
Böyüsün atalı, analı, Allah!
Görməsin dünyada nə aman, nə ah.
Bilməz nədir babal, anlamaz günah,
Qoruyun ləkədən, tüldü körpələr.
Oxşayın qıvrılmış ipəklərini,
Gülüb yamsılayın dediklərini.
Amandı qırmayın ürəklərini,
Hələ yetişməyib, kaldı körpələr.
Elbəyi, onlardı azım, çoxum da,
Xəzinəm, dövlətim, varım-yoxum da.
Gündüz xəyalımda, gecə yuxumda,
Ən gözəl havamı çaldı körpələr.
Elbəyi CƏLALOĞLU
5.0
100% (1)