2
Yorum
5
Beğeni
5,0
Puan
874
Okunma
ATA:
Səni böyütmüşəm min cür zəhmətlə,
İndi qocalmışam özüm ay oğul.
Nazını çəkmişəm hər addımbaşı,
Daha yox taqətim, dözüm ay oğul.
OĞUL :
Başım havalıdı, gözüm dumanlı,
Bilmirəm dediyin nə sözdü ata?
Elə deyinirsən hər gün, hər gecə,
Basdığın sinəmə bir közdü ata.
ATA :
Üstündə əsmişəm bir yarpaq kimi,
Yolunda olmuşam o torpaq kimi,
Sevmişəm bədəndə əl, barmaq kimi,
Bilmişəm mən səni gözüm ay oğul.
OĞUL :
Çəkmisən nazımı, gəl halal elə,
Mən çəkə bilmərəm zəhmət bir belə.
Boş yerə keçmişi gətirmə dilə,
Sözlərin canımı lap üzdü ata.
ATA :
Hər əsən mehdən də səni qorudum,
Dedim qoy yaşasın səninlə adım.
Sənsiz olmayıbdır ləzzətim, dadım,
Sən idin ən şirin sözüm ay oğul.
OĞUL :
Qoy yatım, yuxudan oyatma məni,
Ağır zəhmətlərə gəl atma məni.
Yenə qazan gətir, unutma məni,
Hələ bu verdiyin çox azdı ata.
ATA :
Ümidim puç edib, vermə mənə ah,
Ataya ağ olmaq günahdır, günah.
Tənbəllik azarı yıxacaq vallah,
Eyləmə gəl qara üzüm ay oğul.
OĞUL :
Bu gün evindəsən, buna da sevin,
Oğlunam, fəxr elə, ona da sevin.
Gözaltı edərsən qocalar evin,
Etdiyin nə ərkdi, nə nazdı ata?
ATA :
İndi ki danışdın bu sözlər mənə,
Vaxt gələr övladın qaytarar sənə.
Mənim də kefimi qaçırtdın yenə,
Deyəsən batacaq izim ay oğul.
OĞUL :
Zəmanə pis gəlib, bağlıdı yolum,
Məndən gözləmə ki qeyrətli olum.
Ümid nəvəyədir, kəsib sağ-solun,
Bu giley-güzarın bax, tezdi ata.
5.0
100% (4)