1
Yorum
3
Beğeni
5,0
Puan
2049
Okunma

Gözüm nəmə köklənir,
Könlüm qəmə köklənir,
Sazım bəmə köklənir
Durnalar köç edəndə.
Köç uzağa yol alır,
Gözüm dalınca qalır.
Sanki, dünya boşalır
Durnalar köç edəndə.
Dost-tanış qəribləşir,
Ünsiyyət sərinləşir,
Təbiətim dəyişir
Durnalar köç edəndə.
Nə vaxt keçəcək zaman?
Çox çəkəcəkmi hicran?
Axtarıram bir hayan
Durnalar köç edəndə.
İstərəm haraylayım,
Yollarından saxlayım.
Az qalıram ağlayım
Durnalar köç edəndə.
Onlara vida dedim,
İndi, görən, nə edim?
Bilmirəm hara gedim,
Durnalar köç edəndə?!
5.0
100% (2)