2
Yorum
4
Beğeni
0,0
Puan
1323
Okunma

Soyuqlar düşəni unudub məni,
Yenə tərk etmisən çölü, çəməni.
O könül oxşayan şirin nəğməni
Aparıb getmisən, sarı bülbülüm,
Getmisən, tez qayıt barı, bülbülüm.
Yar da çıxıb gedib, qalmışam tənha,
İkili hicrana dözmürəm daha.
Rəhm eylə,bu gün gəl, qalma sabaha,
Nəğmənlə sən qaytar yarı, bülbülüm,
Getmisən, tez qayıt barı, bülbülüm.
Sənsiz qəribsəyib, inan, dağ, meşə,
Görüşə tələsir sənlə bənövşə.
Yaz qədəm qoyanda yurda həmişə
Yolunu gözləyər xarı bülbülüm,
Getmisən, tez qayıt barı, bülbülüm.
...Qış qalıb arxada, güllü yaz gəlir,
Köçənlər qayıdır, durna,qaz gəlir,
Könlümə min nəğmə, min avaz gəlir,
Gör sinəm üstündə tarı, bülbülüm,
Getmisən, tez qayıt barı, bülbülüm.
Səmalar buludsuz, səmalar təmiz,
Sən gəlsən sevinər sevən qəlbimiz.
Hər yanda gül açır sarmaşıq, nərgiz,
Gedibdi dağların qarı, bülbülüm,
Getmisən, tez qayıt barı, bülbülüm.
Günəş saçaqların salır səmadan,
Cücülər oyanır, çıxır yuvadan.
Baharın ətrini duyub havadan
Uçub pətəyindən arı, bülbülüm,
Getmisən, tez qayıt barı, bülbülüm.
Ən gözəl çiçəyi, gülü dərsələr,
Ayağım altına onu səpsələr,
Lap elə dünyanı mənə versələr,
Neynirəm dövləti, varı, bülbülüm,
Getmisən, tez qayıt barı, bülbülüm.