0
Yorum
0
Beğeni
0,0
Puan
1174
Okunma
Rəşid:
Mən şair deyiləm, əsl şairlər
Hər sözün önündə qul olsun gərək.
İndi zəmanənin xarabı çıxıb,
Şairin cibində pul olsun gərək.
Əflatun:
Razıyam səninlə şair qardaşım,
Şairin önündə yol olsun gərək.
Zəmanə tələbi indi belədi,
Arxada qüvvətli qol olsun gərək.
Rəşid:
Ağzından tökülər nuru şairin,
Qədrini bilməzlər diri şairin,
Pulnan ucalıbmı biri şairin,
Şairin arxası el olsun gərək.
Əflatun:
Nur ki Allahdandı, gələr şairə,
Layiqli qismətdi, bölər şairə,
Onu verən hörmət dilər şairə,
Şairin sözləri bal olsun gərək.
Rəşid:
Sözümdə həqiqət aşikar olur,
Pulsuz redaksiya dinmir, lal olur,
Zaman şair üçün zülümkar olur,
Şairin köməyi əl olsun gərək.
Əflatun:
Həqiqət sözünü anlayan bilər,
Anlamaz nə qanır, elə hey gülər,
Nadanlar içində şairlər ölər,
Şair olan əhli-hal olsun gərək.
Rəşid:
Rəşidəm qələmim əlimdə hazır,
Qəlbim nə söyləyir barmağım yazır.
Düşmənlər mənimçün hey qəbir qazır,
Qazanın əlində bel olsun gərək.
Əflatun:
Əflatun səninlə versə baş-başa,
Bil ki düşmənlərin çəkərlər haşa.
Baxmayaq sərvətə, nə də daş-qaşa,
Dost arası şirin dil olsun gərək.