5
Yorum
2
Beğeni
5,0
Puan
2031
Okunma

Kövrəltdi səni
Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun kövrələn vaxtı
Doldun, ay Zəlimxan qağa,
İllərmi kövrəltdi səni?
İzin düşüb Dəlidağa,
Yollarmı kövrəltdi səni?
Söhbətin var gədiklərdə,
Səni deyir sərt diklər də.
Qəribsəyir əliklər də,
Çöllərmi kövrəltdi səni?
Güllə kimi keçir zaman,
Bu qaydadır, çəkmə aman.
Boynundan sallanıb qalan,
Qollarmı kövrəltdi səni?
Arısısan bağça-bağın,
Bal topladın yığın-yığın.
Sığal çəkib oxşadığın,
Güllərmi kövrəltdi səni?
Sazın qılınc, sözün qalxan,
Dağ çayısan məğrur axan.
Qayaları döşə sıxan,
Sellərmi kövrəltdi səni?
Təsəlli tap, bir az dayan,
Nə xeyri var, alış da yan?
Bizi bölən, parçalayan
Əllərmi kövrəltdi səni?
Qarabağdan müjdə güdən,
Həsrət yaşı tökdü didən.
Borçalıdan köçüb gedən
Ellərmi kövrəltdi səni?
Xocalıda millət qıran,
Olsun görüm talan, viran!
Bir balasız ana ceyran –
Mələrmi kövrəltdi səni?
Gözlər dürüst fərman verən,
Papaq altda min-min ərən.
Şəhidlərə ağı deyən
Dillərmi kövrəltdi səni?
Birdimi, beşdimi azar,
Fələk batman-batman yazar.
Dərdi bir dərdimənd yozar,
Tellərmi kövrəltdi səni?
Dur sazını vur sinənə,
Elbəyi pir deyib sənə.
Coşsun söz bulağın yenə,
Zillərmi kövrəltdi səni?
14.10.2007
Elbəyi Cəlaloğlu
5.0
100% (5)