14
Yorum
5
Beğeni
5,0
Puan
1506
Okunma
Səni arayıram, ey İsmipünhan!
Bələyimə gün doğmadı əzəldən,
Kəm verildi mən yazığın ruzisi.
Səyyad oldum ömür boyu, toruma
Düşdü dərd balası, azar quzusu.
Xəncərim doğramır qara günləri,
Bir yana yozsa da yuxumu hərə.
Alnıma sığmayan “alın yazısı”
Varaq-varaq olub tökülür yerə.
Səni arayıram, ey İsmipünhan,
Üzünü görəmmir yaratdığın göz.
Hər dəfə içimdən bir səs oyanır,
Deyir, - səbirli ol, döz bu dərdə, döz!
Mən körpə uşağam, sən göy qurşağı,
Qaçıram üstümü cırsa da kollar.
Gah sən yox olursan göyün üzündən,
Gah da yorur məni bu sirli yollar.
Qırxıncı otağın yanından ötdüm,
Heç səsin gəlmədi qulaqlarıma.
Qırxbeş yaşıma da çatmışam artıq,
Nəğmən yapışmayır dodaqlarıma.
Arxada qalıbdı ömrümün çoxu,
Gənc idim, cismimdə varıydı dözüm.
Üçcə bənd şeir yaz, mahnı bəsdələ,
Daha qocalıram, oxuyum özüm.
09.10.2009
Elbəyi Cəlaloğu
5.0
100% (10)