2
Yorum
0
Beğeni
5,0
Puan
1307
Okunma
HAQQIMIZ VARMI ÖLMƏYƏ?
El ağsaqqalı Nəcəfxan müəllim
əvvəlcədən özü üçün hazırladığı
qəbir yerinə baxmaq istəyərkən
İnsan baş əydi ölümə,
Nədir görən bu təm-təraq?
İnsan razıdır ölməyə,
Hardan doğdu bu kor maraq?
Bu nə qovğa, bu nə istək?
Bu nə inam, bu nə məslək?
Nədir onu çəkən ora,
Mələk olmaq istəyimi?
Cənnətdə bərqərar olub,
Ləzət almaq istəyimi?
Yoxsa zülmdən, əzabdan
Can qurtarmaqdırmı məqsəd?
Ağrı bilməz, acı duymaz
Hissimi var bilə cəsəd?!
Günəş gülməz üfüqlərdən,
Xoşbəxt görünməz təbiət.
Sevgi dolu şəfəqlərdən,
Heç pay da düşməz, nəhayət.
Külək vurmaz sərin-sərin,
Dənizlər də döyməz ləpə.
Güdüb Günəşin gözünü,
Yağış gəlməz səpə-səpə.
Bəzəyəmməz göy qurşağı,
Min naxışla gözəlləri.
Vəsf eyləməz şair daha
Bir baxışla gözəlləri.
Mən gəlincə görüşünə
Aylı çecə çay qırağı,
Yarım saymaz tellərini
Çəkib aramla darağı.
Nədir bu həvəs görəsən,
Çəkir torpağa insanı,
Doğurdanmı ulu Tanrı
Torpaqdan yoğurub canı?
Bəlkə acizlik dayanır
Hərdən insanın önündə,
Bəlkə duymur mənasını
Hər dalanın, hər tinin də?!
Arı duyursa çıçəyi,
Bunun sirri açılmalı!
Gözəlsə gülün ləçəyi,
Bunun sirri açılmalı!
Qayalar belə məğrurdu,
Çaylar şıltaqdı, cəsurdu
Bunun sirri açılmalı!
Kim düzübdür səmalara
Milyon-milyon ulduzları.
Hər biri bir dünya boyda,
Nə üçündür onlar, barı?
Bunun sirri açılmalı!
Günəşdəki enerjiyə,
Atəşə bax – qalaq-qalaq.
Yanıb qurtarmır bu nəhəng,
Eralarla vərəq-vərəq.
Necə alışdı dünyanın
İlk odu, ilk ocağı,
Niyə əlinə keçəni
Udur Bermut üçbucağı?
Bunun sirri açılmalı!
Möcüzə çox, ağıl aciz
Xırdalasın kökünəcən
İonları, atomları.
Düşüb sınmaz bir tilsimə
Göz önündə canlı sehir
Böyük Misir ehramları –
Bunun sirri açılmalı!
Bəlkə, açıb sərhədləri
Bu sirrlərin ürəyinə
Yaşayanlar bizdən öncə?!
Qütbləri, cəhətləri
Dəyişiblər onun üçün
Qoruyanlar onu bunca?!
Kimdir ona sadiq qalan,
Kimdir çəkən belə möhkəm
Bu sirrlərin keşiyini?
Kimə xasdır bu cah-cəlal,
Kimdir onun gecə-gündüz
Yırğalayan beşiyini?
Bunun sirri açılmalı!
Öyrənməmiş beyinləri,
Çözəmməmiş düyünləri,
Haqqımız varmı ölməyə?
Nədən ötrü qoyulubdur
Dünyanın himi, təməli?
Nəyə xidmət edir görən
İnsanın eşqi, əməli?
Bunun sirri açılmalı!
Yaranmamışıq beləcə,
Beləcə gedək dünyadan.
Bir mənəvi borcumuz var,
Şahiddir ulu yaradan.
Açmasaq Yerin sirrini,
Bilməsək Haqqın yerini,
Haqqımız varmı ölməyə?
Haqqımız varmı ölməyə?
Elbəyi Cəlaloğlu
5.0
100% (1)