1
Yorum
2
Beğeni
5,0
Puan
1249
Okunma
TÜRKÜN DAŞ YADDAŞI
İlk insan dünyaya gəldiyi yerdə,
Mən də var olaraq qol-budaq atdım.
Kökümlə sancıldım bu ulu yurda,
Şumer adında bir dövlət yaratdım.
Dünyanı mat qoydum Mıxı yazımla,
Tarixdə izini qoyub da getdi.
Dastanlar bağladım telli sazımla,
Böyük bir epoxa, bir dövran bitdi.
Sonra da atımı çapıb dört nala,
Atlandım gün çıxan tərəfə doğru.
Baykalda Orxonda ucaltdım qala,
Qarı düşmənlərin yarıldı bağrı.
Mən Turan adında dövlətdə qurdum,
Sorağım yayıldı bütün dünyaya.
Nə dinclik bilmədim, nə də yoruldum
Üzümü çevirdim ulu Tanrıya.
Göylərdə aztardım tək yaradanı
Yerlərdə mən ona şərik görmədim.
O gündən də Türkün çağladı qanı
Düşmənə arxamı heç çevirmədim.
İmperyalar qurdum adım sanımla
Tarixin zamanı mənə işlədi.
Üz-üzə dayandım olum qalımla
Yeni bir epoxa dövran başladı.
Atımı səyirtdim Qıpçak çölüylə
Böyük köç eylədi ulusum elim.
Səmt aldım Bozqurdun köməyi ilə
Tarixdə yaşadı öz ana dilim.
Saxlaya bilmədi Slavyan da Qot da
Qarşmda diz çökdü Roma papası.
Gedib Avropaya yerləşdim hətta
Atillam adlandı xalqlar atası.
İstədim dünyanı əlimə alım
Yolum uzandıqca çox uzun getdim.
İstədim hər dövrə mən hakim olum
Neçə millətlərin kamına çatdım.
Mən Səlcuq adında kayı boyundan
Fərqanə çölündən səfərə çıxdım.
Şanlı bir Türk idim Oğuz soyundan
Keçdim Ortadoğunu sel kimi axdım.
Dirəndim batının astanasına
Qarşımda əyildi neçə məmləkət.
Fateh də adlandım qan bahasına
Məni nə gözlədi bilmədim fəqət.
Tanrım əsir oldu böyük Allaha
Özüm sə özümdən imtina etdim.
Özümə qayıda bilmədim daha
Ərəbi , Farsın yoluyla getdim.
Əsərlər yaratdım Farsca, Ərəbcə
Düşündüm mənası nə qədər dərin.
Bilmədim boynuma keçib kələbçə
Boşuna ötüşdü ötən illərim.
Qəzəllər yaratdım muğam oxudum
Anlaya bilmədi ulusum, elim.
İlməsi dolaşan pərdə toxudum
Çobanın dilində yaşadı dilim.
Ərəb zehniyyəti girdi başıma
Tanrım əsirlikdən xilas olmadı.
Keçmişi həkk etdim daş yaddaşıma
Oğuzun mirası məvə qalmadı.
Gözümə çəkildi qara pərdələr
Artıq uzaqları görə bilmədim.
Anlamadım dərd üstünə dərd gələr
Mən elmə töhvələr verə bilmədim.
Həyatın dolanbac yolları çoxdur
İlişdim dünyanın yan otağında.
O kəsə heç zaman ümidlər yoxdur
Qəflətə varacaq can otağında.
5.0
100% (1)