4
Yorum
0
Beğeni
5,0
Puan
905
Okunma
DAĞLARIN
Qırov düşüb papağına, dümağdı,
Bir təmkin var göz-qaşında dağların.
Duruşunda bir dədəlik heykəli,
Hikmət gəzir hər daşında dağların.
Çəmənləri bir sığallı sonadı,
Güllərini dərməyəndə qınadı.
Həyat məni dönə-dönə sınadı,
Enişində, yoxuşunda dağların.
Yordu məni çınqılların içində,
Yaz yaylağa, qış qışlağa köçəndə.
Burum-burum tüstüləndim peçındə,
Yarmaçanın höyüşündə dağların.
Bulağından qaynamışam, coşmuşam,
Havasından nəşəliyəm, bihuşam.
Qucağından pərvazlanan bir quşam,
Elbəyini tap yaşında dağların.
Elbəyi Cəlaloğlu
5.0
100% (1)