2
Yorum
0
Beğeni
5,0
Puan
1008
Okunma
Muğam
Tutub əllərimdən çəkdi göylərə,
Ruhumu görsətdi özümə muğam.
Oxşadı qəlbimi öz anam kimi,
Yaydı nurlarını üzümə muğam.
Saldı tilsiminə duyğularımı,
Anla kamanımı, dinlə tarımı,
Göylərdə aradım mən öz yarımı,
Hopdu cığırıma, izimə muğam.
Anla qüdrətini “Rast”ın, “Segah”ın,
Bağrını parçalar “Çahargah” ahın.
Günəş bəzəyidi xoş bir sabahın,
Saldı şəfəqini gözümə muğam.
Dinlə “Humayun”u, “Şüştər”i, “Şur”u,
Ruhunla Tanrının üstünə yürü,
Saranda müjdəni, qucanda suru,
Salar dodaqlara zümzümə muğam.
Saz ruhum, canımdır, etmirəm inkar,
“Kəsmə şikəstə”nin öz nəşəsi var.
Ölərsə Elbəyi işdi, a dostlar,
Çaldırın üstündə hər cümə muğam.
Elbəyi Cəlaloğlu
5.0
100% (1)