0
Yorum
0
Beğeni
0,0
Puan
1032
Okunma
Qaralar
(cığalı təcnis)
Sən Günəşsən isitmə, gəl, sal qarı,
Dağ yeriyər, yeri-yurdu qaralar.
Mən aşiqəm qaralar,
Qış qapını qar alar.
Əyri yolnan gedənin,
El başına qaralar.
Pozammazsan bu ahəngi, salqarı,
Dağ ucasa, zirvəsini qar alar.
Məhəl qoyma sözün təhrif, tərsinə
Anlayarsan doğrusu nə, tərsi nə?
Mən aşiqəm tərsi nə?
Demə, sözü tərsinə.
Tərsliyini dəyişməz
Tərs dönərsə tərsinə.
Haqdan gələr sağlam ürək, tər sinə
Neyləyəcək fikri, qəlbi qaralar.
Doymaq olmaz bir ilahi gözəldən
Duyammasan, vallah, gedər göz əldən.
Mən aşiqəm göz əldən,
Könül doymaz gözəldən.
Getdi vəfa ucundan
Ağıl başdan, göz əldən.
Səp duyğuna gözəl toxum, gözəl dən
Qara görüb bağlama, yar, qaralar.
Cəlaloğlu səndən ilham alalı
Coşub dərir gülü otlu, alalı.
Mən aşiqəm alalı,
Yar qəlbimi al alı.
Ömrümü yara verdim
Ondan könül alalı.
Al yaşılı, al sarını, al alı,
Gecikərsən, qış yetirər qar alar.
Elbəyi Cəlaloğlu