0
Yorum
0
Beğeni
0,0
Puan
1002
Okunma

LAYLA
Xocalıda düşmən təcavüzünə məruz qalmış körpələrə anaların dililə
Ya dənizsən, ya dəryasan, ya Kürsən,
Bu torpağa al qanını tökürsən.
Nə vaxtındı, Vətən dərdi çəkirsən,
Layla balam, layla balam, a layla!
Arxalanıb, söylə, balam, kimə sən,
Od-alova budur sinəm,- demisən!
Nədir belə, şir ürəyi yemisən?!
Layla balam, layla balam, a layla.
Yurd dediyin bahar-yazım, - nə bildin?
Al qanımla "Vətən" yazım, - nə bildin?
Bu torpaqda ölmək lazım, - nə bildin?
Layla balam, layla balam, a layla.
Hünərini böyüklərə ötür get,
Qeyrət əkdin, suvar, becər, bitir, get,
Bir hissin var, onu xalqa yetir get,
Layla balam, layla balam, a layla.
Sığan döy bu günün ağıza, dilə,
Dağ çəkdin obaya, dağ çəkdin elə.
Ürəyim ağrıyır, qıvrılma belə,
Layla balam, layla balam, a layla.
İntiqam ürəyə sərin gətirməz,
Allah nicatıma, inan, yetirməz.
Belə ölsəm, heç torpaq da götürməz,
Layla balam, layla balam, a layla.
Elbəyi Cəlaloğlu