2
Yorum
0
Beğeni
5,0
Puan
1110
Okunma
Qoy, ata dilini bilsin körpələr!
Rüstəm Behrudinin “Ata dili”
şeirini oxuyarkən
Bizim qızlarımız sevməz yadları,
Xətanı kişilər törədir, Qağa.
Hər yeni anadan bir söz götürsək,
Bükülər dilimiz beş arşın ağa.
Körpə anlayanda “Ana dili” var,
Atayla yad dildə danışsın, demək?!
Nə peçeneq bilsin, nə Oğuz bilsin,
Yalana indidən alışsın demək?!
Oyuncaq düzəldin bozqurddan ona,
Ayılar, tülkülər nəyinə lazım!
Gəlincik düzəldin əliqılınclı,
Bu Tomris anadır, – söyləyin, – qızım!
Verməyin qarmoncuq şıkşıqıları,
Qopuz bəxş eləyin doğum gününə.
Bir atlı düzəldin polad geyimli,
Atilla babandır, – söyləyin ona!
Çoxalıb yadelli gəlinlərimiz,
Ey yazı yazanlar, ayılın daha!
Qədimdəki kimi, bəlkə uşaqlar
Ananın övladı sayılsın daha?!
Yandırın kitabı “Ana dili”ndə,
Vaqifin, Sabirin dili yazılsın.
Qıpçağın, Kumanın, Qarapapağın,
Xəzərin, Suvarın dili yazılsın.
Bütün nemətlərin fövqündəsən sən,
Ey doğmam, əzizim, ey pirim – ana!
Amma, dilimizi qurban vermərik,
Bəzi ataların günahlarına.
Qoy, Ata dilini bilsin körpələr,
Anlasın eşqini Füzulinin də.
Canında Xətai, Ələsgər ruhu,
Danışsın qopuzun, sazın dilində.
Varsın tarixinə Azərbaycanın,
Görsün, yaşadığı quzeydi yalnız.
Deyin, – ömür boyu parçalanmışıq,
Bilsin nə deməkdir Dərbənd, Xoy, Təbriz.
Elbəyi Cəlaloğlu
5.0
100% (2)