6.6.2017 19:54:00
***
Mən hələ özümdən kənar gəzirəm,
Mən hələ özümə qayıtmamışam.
Qoyduğum papağı asdığım yerə,
Verdiğim sözümə qayıtmamışam.
*
Çox oyun oynadı dilim başıma,
Hələ o dilimlə,başımlayam mən.
Anam deyərdi ki,daş ayaqlıyam,
Elə o ayağım,daşımlayam mən.
*
Hələ məclislərdə deyilmir sözüm,
Hələ şərafətim,sağlığım durur.
Elə o adamam-sadəlöhv adam,
Durur əfəlliyim,vağlığım durur.
*
Pasna basdıranı söyərdi,indi
Qoruqçu saxlayıb dədəm yurduna.
Elə çirginmişəm qayğılarından,
Ürəyim atlanmır gedəm yurduna.
*
Verdim öz əlimlə qazandığımı,
Qalandı içimdə tonqala yerim.
Ha çalır qollarım, öhdedəmmirəm,
Qalıb gicitgənə,qanqala yerim.
*
Çuğullar,şeytanlar kolbaşı,burda
Namərd ayağıyla mərd ayaqlanır.
Köyün içindəki o yollar ki,var
Yüz yerdən üstümə dərd ayaqlanır.
*
Dörd fəsil tarixin günahı belə,
Başına tökülür yarpaq adamın.
Yalandır torpaqdan yarandığımız,
Ürəyi daş olmaz torpaq adamın.
***