0
Yorum
0
Beğeni
0,0
Puan
1267
Okunma
NƏ XOŞBƏXTDİ!..
Mustafa Kamal Paşa Atatürkə
dərin sevgilərlə
Qovğa günü hər mehmetcik Mete olub,
Qılıncdan da kəskin olub, iti olub…
Türkçülüyü dönməz olub, mətin olub
Doğu-Batı arasına börk doğulan!
Qın qılıncı qılıqlayıb, qılınc qını,
Yad boynuyla itiləyib qılıncını.
Belə qırıb sərhədlərin quluncunu,
Tarix yazıb tarixlərə görk doğulan!
…Sığışmarıq bu təntimiş zamana biz,
Türk oğluyuq, uymarıq hər gümana biz…
Yol almışıq, yol gedirik Turana biz,
Nə xoşbəxtdi türk anadan türk doğulan!
SÖZÜN KÖLGƏSİ
Yanaqlara düşürmü
Görən gözün kölgəsi?
Gecənin əsmər üzü
bir gündüzün kölgəsi.
Yenə ağ yağış yağır,
Yağır…
Bir ulduz axır…
Kül bələyindən baxır
Bizə közün kölgəsi.
Yox, belə demirdi söz,
Şirin səs-səmirdi söz…
Rəşidə ömürdü söz,
Rəşid – sözün kölgəsi…
KÖNLÜMÜN QAPISI
Hamıya aydın görünür
Bəstə könlümün qapısı.
Ümid izləyir hər gələn
səsdə könlümün qapısı.
Dünya ki, bir alaçıqdı,
Nə hikkədi, nə acıqdı…
Vallah, həmişə açıqdı
dosta könlümün qapısı.
Hara baxır bu yer, bu göy,
Görmürmü tasalanr bu öy…
Asta açılır, asta döy
xəstə könlümün qapısı…
YUNUS İMRƏYƏ
Səni tanıyalı uğur üstəyəm,
Uğurum nə yaman düşüb çətinə.
Ziyarət edirəm şeirlərini,
Gələ bilməsəm də ziyarətinə.
-1-
Olmuşları andı dil,
Canından oysandı dil,
Köz-köz olub yandı dil,
«Yunus İmrə!» deyincə.
Sözü sözdən seçir söz,
Çürüyünü seçir söz,
İçir, irfan içir söz
«Yunus İmrə!» deyincə.
Ayrılıq yaman olar.
Dərdlə canhacan olar…
Yüz illər bir an olar
«Yunus İmrə!» deyincə.
-2-
Haqqa aşiq olan kişi,
Axır gözlərinin yaşı.
Nurlu olur içi, dışı
Söylər Allah deyə-deyə.
Yunus İmrə
Dəryada su, çəməndə gül
Gülür Allah deyə-deyə.
Yel bənövşə ləçəyini
silir Allah deyə-deyə.
Dizləyər daşlaşan qarı,
Yaşadar düz etibarı…
Dost ürəyi dərdi yarı
bölər Allah deyə-deyə.
Bu qövsi-qüzeh kişilər,
İmana valeh kişilər,
Əməli saleh kişilər
ölər Allah deyə-deyə…
-3-
O barxana köçüymüş…
Köç şairin köçüymüş…
Beş deyilmiş, üçüymüş
daş – közün keşikçisi.
Yoxsa haram qatılıb,
Söz farmaşı atılıb…
Allah, necə çatılıb
qaş – gözün keşikçisi.
Cığır cücərdən yolam,
Gərək irfannan dolam...
Mövlanəm, mən də olam
kaş sözün keşikçisi…
-4-
Canımdan ruhumu çək,
Qalım «bir əl, bir ətək».
Bir şirin qafiyətək
şeirə dolmağım gəlir.
Tilsimə düşdüyüyçün
açılan deyil düyün.
Sufi dilində bir gün
şeir olmağım gəlir.
Sözün İrəm şəbnəmi,
Gərək dərəm şəbnəmi.
Sufi mürüdü kimi
yaşa dolmağım gəlir.
Neyləyək, yerin üstə
şər gəlir şərin üstə.
Yunusum, qəbrin üstə
gültək solmağım gəlir…
-5-
Çapdılar atdı sufilər,
Atı qanaddı sufilər,
Məqama çatdı sufilər,
Qatarından qalan bizik.
Ərlər gülü üzər iyi,
Söz sapına düzər iyi.
Sözdü zikrin üzərriyi,
Sözdən ömür alan bizik.
Sufilər sənə yürüyür,
Sözün yolları bürüyür.
Yel izimizi kürüyür,
Könül mülkü talan bizik.
Bu bal, bu pətək dünyada,
Bu gözəl - göyçək dünyada,
Yunusum, bişəkk, dünyada
Əl qoynunda qalan bizik.
Düyün düşüb səhər, Yunus,
Dərdə düzüb qəhər, Yunus…
İmrə olammaz hər Yunus,
Gerçək sənsən, yalan bizik.
-6-
Nə çox baxırsan bu yola,
Bu ipək, bu pərqu yola…
Onsuz da sığmaz su yola,
Bu yol ötənin yoludu.
Yağar yağış, yağar dolu,
Sel-su alar sağı-solu…
Məndən keçir ruhun yolu,
Bu yol bədənin yoludu.
Əlindən yapışıb qadan,
Köhnə yolnan getməz adam.
Özünə bir yol aç, qadam,
Bu yol dədənin yoludu.
Tilsimdi tələnin yolu,
Tələyə gülənin yolu.
Hardadı gələnin yolu,
Bu yol gedənin yoludu.
Baxma yerə, baxma göyə,
Ayaq bas ağ üzəngiyə….
Özünü Yunus İmrəyə
Mürüd edənin yoludu.