FELEYİN ÇARHI
FƏLƏYİN ÇƏRXİ
Çərxi fələk fırlanıb, Bu dünyanı tərs gəzir. Mancanağın altına Düşənləri bərk əzir. Bəs fələyin bu çərxi, Niyə dönüb tərsinə? Bilinməyir dünyanın, Düzəni nə, tərsi nə? Fələk özü söyləyir, Çərximi döndərmədim. Nə qadamı, bəlamı, Kimsəyə göndərmədim. Dərd-bəla tapıb sizi, Mən məətəl qalmışam. Özümdə bu işlərdən, Çox nigaran olmuşam. Fələyin yox günahı, Onda günah kimdədi? Ağır fərmanlar verən, Çox qəddar hakimdədi. Mancanağa bağlanıb, Məzlumun əl-qolları. Dövran dəyişib, ancaq Dəyişməyib halları. İnsanlığı əzənlər, Əzir, haqqa gəlməyir. Haqqını qanan insan, Qırılır, əyilməyir. Ey haqqı tapdananlar, Bu haqqa yiyə durun. Mancanağa bağlanan, Kəndiri, ipi qırın. Lal olub susan insan, Öz haqqını danacaq. Manqurta çevrilərək, Öz odunda yanacaq. Ey məzlumlar ordusu, Artıq bəsdir əzildik. Mum kimi yumşaldılıb, İpə, sapa düzüldük. Haqqımız verilmədi, Susduq içimiz yandı. Biz qəflətdə yatsaqda, Bəşəriyyət oyandı. |