Sükutumdan dolayı kendimden başka kimse kabahatli değildir. En büyük düşmanım ben idim. NAPOLEON [Paylaş]
E-mail: Şifre: Facebook ile bağlan Üye ol | Şifremi Unuttum
Türkiye Şiir Platformu
ANASAYFA ŞİİRLER Edebiyat Defteri YAZILAR Edebiyat Defteri FORUM Edebiyat Defteri ETKİNLİKLER Edebiyat Defteri NEDİR? Edebiyat Defteri Kitap KİTAP  Edebiyat Defteri Tv TİVİ Edebiyat Defteri Sesli Şiirler MÜZİK Edebiyat Defteri BLOG Edebiyat Defteri Atölyeler ATÖLYE  Edebiyat Defteri BİCÜMLE Edebiyat Defteri ARAMA Edebiyat Defteri İLETİŞİM

Elat mədəniyyəti bizə nələri deyir?

Elat mədəniyyəti bizə nələri deyir?

Elbəyi Cəlaloğlu

Elat mədəniyyəti bizə nələri deyir?

Mədəniyyətlərin təmas nöqtəsi – Armudlu yaylağı

Bildiyiniz kimi, iyulun 26-da “Borçalı” cəmiyyətinin təşkilatçılığı ilə beşinci “Borçalı türklərinin Elat mədəniyyəti günü” yaylaq festivalı keçirildi. Bu barədə mətbuat orqanlarından və internet saytlarından kifayət qədər bilgi almısınız. Mən isə bəzi məqamlara toxunmaqla səfər qeydlərimi əziz oxucuyla bölüşmək əzmindəyəm.
Maksvelin “Parçala, hökm et!” qaydası dəbə mindiyi vaxtdan Bütöv Azərbaycanla birlikdə onun tərkib hissəsi olmuş Borçalı da bu “sunami”nin dağıntılarına məruz qalmışdır. Bunun nəticəsidir ki, Borçalı qərbə doğru ərazisinin tam yarısını itirmiş, qalan hissəsi ilə Gürcüstanın tərkibində yaşamaqdadır. Bu gün Borçalının Dmanisi rayonunun Yırğançay kəndindən başladığını demək olar. Lakin tarixin amansızlıqlarına sinə gərən Borçalı dilini, dinini, mədəniyyətini, adət-ənənəsini bu günə qədər mükəmməl tərzdə saxlamaqda, onu göz bəbəyi kimi qorumaqda və gəlişdirməkdədədir. “Borçalı” İctimai Birliyinin bu yöndə gördüyü işlər də elə bu amala xidmət edir. Adıçəkilən cəmiyyətin apardığı siyasətin kökündə dayanan məntiq Borçalı türklərinin mənəvi zənginliyini, insanpərvərliyini, haqpərəstliyini Gürcüstanın bütövlüyü uğrunda mübarizəyə yönəltmək, eləcə də gürcü və Gürcüstan türklərinin qarşılıqlı inteqrasiyasını təmin etməklə yüksək əyarlı ortaq Gürcüstan mədəniyyətinin formalaşmasına yardımçı olmaqdır. Zənnimcə, belə bir günün çox da uzaqda olmadığını düşünənlər yanılmırlar. Çünki türk varlığımız haqq və ədalətdən kənarda qalmağı bizə bağışlamaz. Türk dünyasının böyüklüyü onun Qurani-Kərimə və mənəviyyat dünyasının təlqininə istinad etməsində, fitrətində Türk mədəniyyəti ilə İslam əxlaqını birləşdirməsində olub. Yadıma bir sitat düşdü: “Konstantinopolda kardinal şapkası görməkdənsə, Türk çalmasını görməyi daha üstün tuturam”. Bu sözləri Osmanlılar Konstantinopolu (İstambul) mühasirəyə alarkən Bizans əsilzadələrindən olan Notaras söyləmişdir. Onlarda bu rəğbəti yaradan Osmanlı dövlətində varlı və kasıb, bəy və kəndlinin eyni haqqa və hüquqa malik olması, qeyri-müsəlmanlara isə dövlətə Allah tərəfindən əmanət verilmiş, qorunmağa ehtiyacı olan insanlar kimi baxılması idi. Birsözlə, haqq-ədalət burada da sözünü demişdi.
Bu cür düşüncə tərzinin böyük sürətlə formalaşmasında “Borçalı” cəmiyyətinin təşəbbüsü və rəhbirliyi ilə hər il iyulun 26-da Armudlu yaylağında keçirilən “Borçalı türklərinin Elat mədəniyyəti günü” tədbirinin də kifayət qədər əməyi olub və olacaqdır. Belə ki, hər Elat bayramı günü müxtəlif ölkələrdən onminlərlə insan tədbirdə iştirak etmək məqsədilə Armudlu yaylağına gəlir, yerli əhalinin mədəniyyəti, məişəti, tarixi, adət-ənənəsi, ictimai-siyasi mövqeyi, düşüncə tərzi ilə dərindən tanış olur, onu dünya xalqlarının diqqətinə çatdırırlar. Çeşidli ölkələrdən təşrif buyurmuş müxtəlif təbəqəli ziyalıların çıxışları həm də fikir mübadiləsinin təminatçısına çevrilir, eləcə də müxtəlif peşə sahibləri – müğənnilər, aşıqlar, şairlər, jurnalistlər, idmançılar məhz Armudlu yaylağında təcrübə, intellekt, mədəniyyət mübadilələri edirlər. Bu, artıq Armudlu yaylağının mədəniyyətlərin təmas nöqtəsinə çevrildiyini göstərir. Bunun nəticəsidir ki, müxtəlif ölkələrə üztutanlardan vətənə qayıdanların sayı çoxalıb, bu gün Borçalı kökənli yüzlərlə gənc Gürcüstanın ictimai-siyasi elitasına nüfuz edir, haqqın mühafizəsi, hüququn qorunmasında səylə fəallıq göstərirlər. Bundan başqa, bu il təkcə Dmanisidən ali məktəblərə 70 nəfərə yaxın tələbə qəbul olunub. Bütün bunlar deməyə əsas verir ki, gənclərdə özünəgüvənc hissi yüksək səviyyəyə çatıb.


Uca dağ başında boran, qar olar

Dağları su yolumu eləmiş hər bir insan zirvələrə çıxarkən dumanla, sislə, hətta boranla, qarla qarşılaşdığını yəqin ki, etiraf edər. Bunu ədəbiyyatdan, dastan folklorumuzdan da yaxşı bilirik. Mənəvi dünyanın zirvələri də belədir. Zamanını qabaqlamış böyük amallar təbii ki, düşüncə boranına sinə gərmək, fikir dumanlarını yarıb keçmək məcburiyyətində qalır. 2009-cu ildən hadisələrin birbaşa iştirakçısı olduğum üçün deyə bilərəm ki, “Borçalı türklərinin Elat mədəniyyəti günü” tədbirinin keçirilməsi də bir sıra çətinliklərlə üzləşdi, ona əngəl olmaq istəyənlər, münafiqlər meydan suladılar. Təəssüf ki, “Borçalı” cəmiyyəti və onun sədri Zəlimxan Məmmədli ilə bağlı dezinformasiyalar yayanlar, bu təşəbbüsün dövlət əleyhinə olduğu barədə fikir yürüdənlər tapıldı. Bəzilərinin qəlbində bu qorxu hissini yaradan, bu əsassız xofu törədən nə idi? Çox güman ki, bu, Azərbaycanda Zəlimxan Məmmədlinin siyasətdə müxalif mövqedə dayanmasından, Gürcüstanda isə separatçılıq baş verəcəyi qorxusundan törənmiş fikirlər idi. Lakin unutdular ki, “Borçalı” cəmiyyətinin rəhbərliyi Azərbaycanın və Gürcüstanın daxili siyasətinə qarışmayacağını, bu hərakatın Azərbaycan və Gürcüstanın bütövlüyü uğrunda olacağını, separatçılığı pislədiyini, iki xalqın qarşılıqlı inteqrasiyasına yardımçı olacağını dəfələrlə bəyan etdi. Eləcə də, Azərbaycan, Gürcüstan və Türkiyə dövlətləri arasında olan dostluğun daha da sıxlaşmasına nail olmaq Zəlimxan Məmmədli düşüncəsinin, Elat mədəniyyətinin önəmli məqsədlərindəndir. Festivalın keçirildiyi səhnə üzərində hər üç ölkənin bayrağının dalğalanması da elə bundan xəbər verir. Üç ölkənin kristal dostluğu regionda sülhün və əmin-amanlığın qarantı ola bilər, – deyə düşünüldü. Təbii ki, indi xoşagəlməzliklər arxada qalıb, münafiqlər yuvasına çəkilib, hər kəs “Borçalı” cəmiyyətinin amalının doğruluğuna inanmağa başlayıb, onu sözlə də olsa dəstəkləyirlər. Bütün bunların nəticəsidir ki, Gürcüstan hökumətinin rəsmiləri gələcək Elat bayramının keçirilməsinin dövlət səviyyəsində olacağını qeyd etdilər. Birsözlə, “Borçalı türklərinin Elat mədəniyyəti günü” dediyimiz zirvə fəth olunub. Ortaq mədəniyyətin vüsət aldığı mötəbər bir məkan olduğu üçün, bu zirvəyə yalnız yüksək və sivil mədəniyyətlə, könlünü pisliklərdən arındırmaqla, insanı insan olduğuna görə sevməklə, ədəblə, vicdanla yüksəlmək olar. İndi mədəniyyətimizi və dövlətçilik ənənəmizi əldə saxlamaq, onu inkişaf etdirmək istəyən hər bir insan o zirvənin qorunması yolunda fədakar olmalıdır. Çünki Armudlu yaylağı Azərbaycanı, Gürcüstanı və onların mədəniyyətini, Borçalı türklərini və onun özəlliklərini dünyaya tanıtmaqda bir strateji məkana çevrilib. Bu il V Elat bayramında iyirmi mindən çox iştirakçının olması, bir sıra dövlət rəsmilərinin, deputatların, eləcə də yerli və xarici təşkilat rəhbərlərinin, bilim adamlarının, media nümayəndələrinin, musiqiçilərin, idmançıların bu tədbirə böyük coşğuyla qatılması, mötəbər fikirlərlə çıxış etməsi dediklərimizə əyani sübutdur.

“Bu kənddə bir adam yoxdur”

Onu da deyim ki, Elat bayramından sonra “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin təklifi ilə Dmanisidə qalıb kəndləri gəzmək və soydaşlarımızın yaşam tərzi ilə maraqlanmaq qərarına gəldik. Avqustun 8-ə qədər davam edən bu səyahət zamanı axşamlar Dmanisidə yerləşən “Tetnuldi” hotelinə qayıdırdıq. Hotelin sahibi svan əsilli Qeno Pilpan bizə xüsusi qayğı göstərərək həmin müddətdə hoteldə təmannasız qalacığımızı söylədi. Allah ondan razı olsun!
İyulun 27-də Bolnisi rayonunun Faxralı kəndinə dəvət aldıq. “Faxralı” el məclisinin bir sıra üzvləri Güney Azərbaycandan Elat bayramına gəlmiş aşıq və şairlərlə görüş təşkil etmişdilər. Görüşdə hər kəs Elat bayramının onlarda yaratdığı müsbət auradan danışdı və bayram tədbirində sazlı-sözlü iştiraka görə Güneyli qonaqlara təşəkkür etdilər. Görüş zamanı gələcəkdə iyulun 26-da keçiriləcək Elat bayramının sonrakı günlər kəndlərdə də davam etməsi təklifi irəli sürüldü. Təklif alqışlandıqdan sonra, hər il iyulun 27-də bu tədbirin Faxralıda davam etdirilməsi qərara alındı.
İyulun 28-də Qaraçöpə yollandıq. Hər il həmin gün Qaraçöp mahalının Tüllər kəndində mərhum ziyalımız, Azərbaycanın Əməkdar Rəssamı Zahid Hüseynovun anım günü keçirilir. Anım mərasimində “Borçalı” cəmiyyətinin Zahid Hüseynovun xatirəsinə nəşr etdirdiyi “El adamı” kitabı təqdim olundu. Adıçəkilən kitabla yanaşı, “Eldən-Elata” jurnalının yeni xüsusi buraxılışı və cəmiyyətin Elat bayramı üçün hazırlatdırdığı atributlar təmənnasız olaraq mərasim iştirakçılarına paylandı. Görüşdə fəlsəfə elmləri doktoru, professor Camal Mustafayevin “Borçalı” cəmiyyətinin nəşr etdirdiyi “Fəlsəfi-tarixi araşdırmalar” kitabının bir neçə nüsxəsi kənd məktəbinin kitabxanasına hədiyyə olaraq məktəbin müəlliminə verildi.
İyulun 29-da Şamdüyə dağının ətəyində yerləşən Məmişdilər kəndinə getdik. Şamdüyənin sol tərəfində hələ də zirvəsində qar əriməmiş Əyriqar sözün əsl mənasında göylərə baş çəkirdi. Sənəkuçan dağının xoş mənzərəsi, dağ ətəklərində qurulmuş saysız-hesabsız dəyələr, binələr əsil Elat ovqatı bağışlayır, baxanlara nostalji hisslər yaşadırdı. Biz Məmişdilər kəndinə çatanda saat 16.00-a yaxın idi. İnanılmaz görünsə də, günəşin işıldamasına baxmayaraq soyuqdan əllərimin qanı qaçmışdı. Səməngül bulağının bir parç suyunu birnəfəsə içmək mümkünsüzdü. Amma kəndin səfalı yerdə olduğuna baxmayaraq yolları bərbaddır, başqa kəndlərdə olduğu kimi burada da otlaq sahələrin başqaları tərəfindən zəbt olunmasından şikayətçidirlər. Kənd sakinləri avropalı mütəxəssislərin Şamdüyə dağında əlvan metal yataqları aşkar etdiyini və bununla əlaqədar orada qazıntı işləri apardıqlarını söylədilər.
Həmin gün axşam Dmanisiyə qayıdarkən Kaxetidən gəlmiş bir qrup gürcülərlə rastlaşdıq. Onlarla ölkədə gedən proseslər, millətlərarası münasibətlərlə bağlı söhbətləşdik. Sonda ermənilərə olan “rəğbət”lərini bir lətifə ilə bildirdilər: Bir gürcü kəndlərdən birində yerləşən villasının açarını alim dostlarından birinə verir ki, gedib orada bir ay dincəlsin. Gürcü dostu kənddə bir neçə gün qaldıqdan sonra darıxmağa başlayır. Bir axşam o, evin darvazası ağzında siqnal verən avtomobilin səsinə həyətə çıxır və görür ki, Azərbaycan seriyalı maşındır. Onlar uzaqdan gəldiyini deyərək gecələmək üçün kirayə ev axtardıqlarını söyləyirlər. Gürcü onları evə dəvət edir və geniş süfrə açır. Azərbaycanlılar ondan nəyə görə təmannasız xidmət göstərdiyini soruşurlar. O isə, – qatso, üç gündür gəlmişəm, darıxıram, söhbət etməyə adam yoxdur, – deyir. Qonaqlardan biri, – kənddə bir adam yoxdurmu ki? – deyə soruşur. Gürcü isə, – qenatsvale, kəndi üç gün dolaşmışam, bu kənddə adam yoxdur, hamısı ermənidir, – deyə cavab verir...
İyulun 30-da iki yas məclisində iştirak etdik. Əvvəlcə, Dmanisidə, dostumuz Qeno Pilpanın dünyasını dəyişmiş yaxın qohumunun yas mərasimində olduq. Bu məclisin toy məclisi ilə fərqini başqa millətin nümayəndələri bəlkə də anlamazdı. Doğrusu, musiqi yox idi, lakin cürbəcür balıq xörəkləri, gürcü mətbəxinə aid olan çeşidli yeməklər o qədər idi ki, necə deyərlər, – süfrədə barmaq qoymağa yer yox idi. Bir nəfər isə tez-tez şərab dolu stəkanı götürərək ayağa durur, mərhumənin şərəfinə tərif söyləyib, rəhmət dilədikdən sonra, iştirakçılardan şərabı ayaq üstə içməyi xahiş edirdi. İkinci yas yeri isə, Bolnisi rayonunun Dəllər kəndində idi. Sazbənd aşıq Kövrək Muradın anasının rəhmətə getdiyini həmin gün səhər eşitmişdik. Cəmi dünyasını dəyişənlərə Allah rəhmət eləsin!


Şəfayət, yoxsa əzab-əziyyət xoru?

İyulun 31-də Aşağı Orzuman kəndinin sakinləri ilə görüşdük. Ümumiyyətlə Dmanisi dağlıq yer olduğundan mal-qara ilə məşğul olan əhali əsasən otlaq yerlərinin azlığından şikayət edirlər. Otlaq sahələrinin çoxunu isə Gürcüstan parlamentinin deputatı Kaxa Okuraşvilinin atası Georgi Davidoviçin özəlləşdirdiyini söyləyirlər. Bu barədə Yırğançayla bağlı daha maraqlı məlumatlar var. Beləcə, Aşağı Orzumanla görüşü başa vurub Yırğançaya yollandıq. Onu da qeyd edim ki, bu yola Hamamlı kəndinə qədər asfalt döşənib. Hamamlıdan Yırğançaya gedən yol isə bərbad vəziyyətdədir. Dmanisinin prefekti Qoqi Barbakadze ilə görüşdə o, 2014-cü ilin sonuna qədər həmin yolun asfaltlanacağını söylədi.
Yırğançay kəndi Ermənistanla sərhəddə yerləşir. Kəndin cənub-qərbində sərhədin o tayında dədə-baba kəndlərimizdən olan Soyuqbulağı, kəndin başı üzərindən zirvəsində hələ də qar görünən Ağçalanı, Dəlidağı, cənub-şərqində isə Cücəkəndi görəndə ürək qübar eyləməyə bilmir. Yırğançayın cənubunda İlməzli kəndi görünməsə də, qarşısını kəsən təpədən onun doğma ətrini almaq olur. Uşaq vaxtlarımda bu səfalı yerləri, şəfalı oylaqları qarış-qarış gəzdiyimi xatırlayıb köksümü ötürdüm və kiminsə bir beyti xəyalımdan keçdi:

Viranə qal, ay qürbət el,
İtirmişəm yarı səndə.

Nə isə! Deyəsən Yırğançaydayıq. Kənddə 500 ev, 547 təsərrüfat var. Ucqar və sərhədə yaxın dağ kəndi olduğuna baxmayaraq, eləcə də mərkəzə yaxın bəzi kəndlərdən fərqli olaraq Yırğançayda boş ev yoxdur, köç edən olmayıb, hər kəs baba yurdunu şenləndirməkdədir. Buna görə də, “Borçalı” cəmiyyəti bu kəndə “Alınmaz qala” mükafatı elan edib. Kəndin 12 illik məktəbində 450-yə yaxın şagird oxuyur. Bu il 5 nəfər abturiyent Tiflis universitetlərinə qəbul olunub. Lakin məktəb problemsiz deyil. Belə ki, müəllimlərin çoxunun həddən artıq yaşlı olduğu halda, 10-a yaxın yerli gənc kadr işlə təmin olunmur. Əksinə müəllimlərin 7-si gənc gürcülərdən ibarətdir.
Yırğançay əhalisi kəndin bələdiyyə nümayəndəsi Alıbəy Həsənovun başçılığı ilə qarşımıza çıxdılar. Səndemə, bu kənddə göz oxşayan bir şey varsa, o da onun füsünkar təbiətidir. Yamaclarında kəkotu, qaymaqçiçəyi, dəliqaymaqçiçəyi, yarpız, əvəlik, qantəpər, quzuqulağı, keçiqulağı, baldırğan, düyədabanı, yemlik, çobançiçəyi, daha nələr-nələr baş-başa verib təbiətin şəfayət xorunu oxuyurlar. Bəs əhali? Onlar da el-obanın əzab-əziyyət xorunu oxuyurlar.
Yırğançaylılar ilk olaraq SOCAR şirkətinin Yırğançayla bağlı heç bir layihəsinin olmadığından gileyləndilər. Kənd əhalisi bir qədər kartof əkini ilə məşğul olsalar da, əsasən maldarlıqla dolanırlar. Lakin otlaq sahələrinin çox az olduğundan şikayət edirlər və – mal-qara ac qaldığından südü də az verir, – deyirlər. Məlum oldu ki, Yırğançaya aid olan 1402 hektar otlaq ərazisinin 995 hektarını 2010-cu il yanvarın 6-da Georgi Okuraşvili özəlləşdirib. Özü də necə? Kənddə qapalı hərrac krçirilməyib, əhalinin rəyi soruşulmayıb. Hüquq baxımından saxtakarlıqla qanuniləşdirilərək guya ki, qapalı hərraca çıxarılıb, kənd əhalisi ala bilməyib, nəhayət açıq hərraca çıxarılmaqla Georgi Okuraşviliyə satılıb. Bu məsələyə əl qoyan şeytanlar təbii ki, kənd əhalisinin öz hüququnu bilməməsindən də sui istifadə ediblər. Onu da qeyd edim ki, Georgi Okuraşvili təkcə Yırğançay deyil, az qala bütün Dmanisininn otlaq sahələrini özəlləşdirib. Bu qədər acgözlük sahibinin yəqin ki, başqa sahələrdə də kifayət qədər payı var.
Yıtğançay camaatı elektrik enerjisindən gileyləndilər. Belə ki, elektrik cərəyanı zəif olduğundan soyuducunu, televizoru işlətməyə gücü çatmır. Eləcə də, içməli su çox-çox illər öncə çəkilmiş yarımdüymlük borularla gəlir, su azlığından əhali əziyyət çəkir. Qışda isə boru donur, buna görə də əhali susuz qalır. Bundan başqa, 2600-ə yaxın əhalisi olan bu kənddə ambulatoriya yoxdur. Əhalinin dediyinə görə, bir terapevtləri var ki, o da həftənin II günü axşam gəlir, bir evdə xidmət göstərir, IV gün səhər isə kəndi tərk edir. Maraqlısı budur ki, həmin terapevtin göndərişi olmadan Yırğançay kəndindən olan xəstələri mərkəzi xəstəxanalar qəbul etmirlər. Yollar bərbad olduğundan çağırılan təcili yardım maşını 2 saatdan tez kəndə gələ bilmir.
Nəhayət, avqustun 1-i. Həmin gün səhər növbə ilə rayon rəhbərləri ilə görüşdük. Dmanisi İdarə Heyətinin sədri (qamqebeli) Qoqi Barbakadze, onun müavini Teymuraz Tetradze, Dmanisi Bələdiyyəsinin sədri (saqrebulo) Nodar Adeişvili, onun müavini Şamil Əliyev və polis rəhbərliyi ilə görüşlərdə “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli Elat bayramının keçirilməsində göstərdikləri xidmətə görə onlara öz adından və “Borçalı” cəmiyyəti adından təşəkkürünü bildirdi və bayram atributlarını hədiyyə etdi. Görüş zamanı əhalinin şikayəti rayon rəhbərliyinə çatdırıldı. Onlar bu problemlərdən xəbərdaq olduqlarını və həllinə çalışdıqlarını söylədilər.
Bundan sonra, Armudlu kəndinə yollandıq. Kəndə yaxınlaşdıqca Yastıqar dağının gözəlliyi, zirvəsində əriməmiş, illərlə üst-üstə qalanmış qar layları bizi heyran edirdi. Qamqebelinin müavini, rüşvətxorluqda suçlanaraq tutulmuş Arif Suleymanov də bu kənddəndir. Onun ailəsinə baş çəkdik, həyat yoldaşına, uşaqlarına ürək-dirək verdik. İnsafən Arif bəyi tanıyan bütün insanlar onun rüşvət aldığına inanmır, barəsində müsbət fikir söyləyirdilər və hətta onun saxta cinayətlə tutulduğunu da deyirdilər. Nəzərə çatdırım ki, “Borçalı” cəmiyyətinin ölkə rəhbərliyinə müraciəti və ictimai rəy nəzərə alınmaqla Arif bəyin günahsız olduğu sübuta yetirildi və o, avqustun 7-də azadlığa buraxıldı.
Günün ikinci yarısında Faxralı kəndinə yollandıq. Həmin gün mərhum ziyalımız İsaxan Aşurovun doğum günüydü. Onun qəbrini ziyarət etdikdən sonra, evinə gəlib ailə üzvlərinin təşkil etdiyi ehsan süfrəsində iştirak etdik. Allah qəbrini nurla doldursun!
Avqustun 2-də “Borçalı” cəmiyyətinin rəhbərliyi ilə “Svan” icmasının görüşü keçirildi. Görüşdə Svan icmasının 30-a yaxın üzvü, o cümlədən Gürcüstan parlamentinin keçmiş deputatları Kaxa Kvitsiani, İveri Çelidze, iş adamları Qeno Pilpan, Leonardo Tevdiani, eləcə də Daniel Arquliani, Rusvalt Qerquliani, Marati Qadriani və başqaları iştirak etdilər. Dostluq şəraitində keçirilən görüşdən hər kəs məmnun qaldı. Görüş zamanı yaxın gələcəkdə iki cəmiyyətin birgə əhəmiyyətli layihələr üzərində işləməsi barədə qərar qəbul olundu. Zəlimxan Məmmədli öz çıxışında “Borçalı” cəmiyyətinin oktyabr ayında “Svanların dünəni, bu günü, sabahı” mövzusunda “Dədə Camal” məclisi keçirməsini planlaşdırdığını söylədi.
Avqustun 3-də yolumuzu Ormeşən, Bağçalar, Kirovisi (2007-ci ildən İpnari) və Dağ Arıxılısı istiqamətinə saldıq. Bağçalar kəndinin sakini İbrahimxəlil kişinin dediyinə görə əhalinin bir hissəsinin Azərbaycana köçdüyündən kənddə bir çox evlər boş qalıb. Bu səbəbdən kənd məktəbində cəmi 3 nəfər şagird oxuyur. Belə çıxır ki, kənd məktəbi bağlanmaq üzrədir, burada Bağçalar kəndinin əhalisi vaxtilə köç etmişlərlə birlikdə Gürcüstan hökumətini qınamaqdansa, dədə-baba yurdunu şenləndirmək üçün papağını qabağına qoyub yaxşı düşünməlidirlər. Kirovisidə isə üçmərtəbəli doqquzillik kənd məktəbi 2011-ci ildən təmirə başlansa da, naməlum səbəb üzündən son təmir işləri dayandırılıb. Məktəbin direktoru Mübariz Əhmədovun dediyinə görə, 60 şagird təhsil alır. Kəndə qaz xətti çəkilsə də hələ istifadəyə verilməyib.
Dağ Arıxılısının sakinləri də oxşar problemlərdən söhbət açdılar. Orada da yenə yol, otlaq sahəsi problemləri mövcuddur. Ümumiyyətlə Dağ Arıxlısı qarışıq bir çox kəndlərin məktəbi doqquzillik olduğundan şagirdlər orta təhsilini başa vurmaq üçün Yaqublu kəndinə üz tuturlar. Lakin bunun qış vaxtı çətinliklər törətdiyindən bir çox şagirdlər orta təhsilini davam etdirə bilmirlər ki, bu da bir çox gənclərin, xüsusilə də qızların savadsızlığı ilə nəticələnir.
Sonrakı günlər Şindilər, Qoşakilsə, Saca, Yaqublu və bir sıra digər kəndlərə də baş çəkdik.


“Bakıya yollananların əleyhinəyəm”

Avqustun 7-də Aşağı Orzuman kənd orta məktəbində “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin ali məktəb tələbələri və müəllim kollektivi ilə görüşü keçirildi. Tədbiri açıq elan edən məktəb direktoru İslam Məmmədli iştirakçıları salamladıqdan sonra sözü Zəlimxan Məmmədliyə verdi. O, maraqlı fikirləriylə hər kəsin diqqətini çəkdi: “Türk toplumu olaraq bizim missiyamız sevgi və barış aşılamaqdır. Bir çoxları svanlarla Borçalı türkləri arasında münaqişə yaratmağa çalışsalar da buna nail olmadılar. Biz digər millətlərə, eləcə də, gürcü xalqına, gürcü mədəniyyətinə, Gürcüstan dövlətinə sevgiylə yanaşmalıyıq. Adət-ənənəmizi, Elat mədəniyyətimizi qorumalı və inkişaf etdirməliyik. Bu mühafizəkarlıq və tərəqqiyə meyllilik bizi çox uzaqlara aparacaqdır. Siz gənclərin də el qarşısında məsuliyyəti olmalıdır. Elmlə məşğul olmaq üçün Bakıya yollananların əleyhinəyəm. Elmlə Borçalıda və Tiflisdə də məşğul olmaq mümkündür. Ona görə də bu yurdu elm mərkəzinə çevirmək lazımdır. Bu məsuliyyət siz gənclərin boynuna düşür. İndi uğurlu gəncliyimiz yetişməkdədir. Ali məktəbə daxil olanların çoxluğu bizim sevincimizi daha da artırır. Ona görə də, hər məktəbdən ildə 3-5 nəfər yox, daha çox şagirdin ali məktəblərə daxil olmasını istəyirik.
Müəllimləri sevməliyik, onların əlini öpməliyik. Gürcü dilini öyrənməliyik ki, gürcü cəmiyyətinə inteqrasiyamızı təmin edək, Gürcüstan dövlətinə sahiblənək. Bu dövlət gürcülərin milli dövləti olduğu kimi, bizim də milli dövlətimizdir. Elm və təhsildə hər birinizə kömək etməyə canla-başla hazırıq”. Görüşdə gənclərə öz tövsiyyəsini verən Zəlimxan Məmmədli kəndlərdəki proplemlərə də toxunmağı unutmadı: “Kəndlilər əsasən heyvandarlıqla məşğuldurlar, onlara əkin-biçin sahəsi, torpaq lazımdır. Kəndlinin əlindən torpağını alanları Allah cəzalandıracaqdır. Torpaq kəndli üçündür, onu kəndliyə vermək vacibdir və həm də şərəfdir, savabdır”.
Bundan sonra tələbələrə söz verildi. Yuxarı Orzumandan III kurs tələbəsi Anar Xıdırov və I kurs tələbəsi Günay Xıdırova, Aşağı Orzumandan I kurs tələbəsi İlhamə Məmmədova, Yirğançaydan I kurs tələbəsi Vüsal Qasımov, eləcə də Hamamlı, Bəzəkli və s. kəndlərindən olan tələbələr baş tutmuş görüşə görə “Borçalı” cəmiyyətinin rəhbərliyinə təşəkkür etdikdən sonra təhsillə bağlı bəzi problemlərə də toxundular. Aşağı Orzuman kənd orta məktəbinin riyaziyyat müəllimi Teymur Muradov tələbələrin sözünə söykək verərək, onlarla bağlı bir sıra problemlərin olduğunu vurğuladı: “Ali məktəblərdə təhsil haqqı 2250 lari təşkil edir. Bu rəqəm kənd əhalisi üçün olduqca ağırdır. Hətta iki övladı tələbə olan ailələr mövcuddur. Bu çətinlik üzündən təhsilini yarımçıq qoyan tələbələr də var”. Teymur müəllim gileyinə bir az da emossiya qataraq davam etdi: “Səfirlik, SOCAR və digər Azərbaycan təşkilatları Dmanisiyə laqeyd yanaşırlar. Ümumiyyətlə, Azərbaycan tərəfin biz soydaşlara münasibəti soyuqdur. Rusiyada və digər ölkələrdə məktəblər tikdirdiyinə, konsertlər təşkil etdiyinə, Borçalının tərəqqisinə yardımçı olsunlar. Hər zaman Azərbaycan müğənniləri və digər incəsənət ustalarını rayonda görmək arzusunda olmuşuq, lakin bu həsrətimizə son qoyulmayıb. Azərbaycanın telekanallarında Borçalıyla bağlı silsilə verilişlərin olmasını labüd hesab edirik. Bu bizim arxalı olduğumuza dəlalət edər, əhalinin ruhlanmasına səbəb olar”.
Bundan sonra söz alan ibtidai sinif müəllimi Misirxan Yusifov infrastruktur və istehsalın yoxluğundan şikayət edərək, – özümüz südün bir litrini 50 tetriyə (qəpik) satdığımız halda, mağazadan suyun bir litrini 1 lariyə (manat) alırıq ki, bu da heç bir məntiqə sığmır, – dedi.
Həmin günün ikinci yarısında Yuxarı Qarabulaq kəndində gənclər və ziyalılarla görüş keçirdik. Burada da ali məktəblərə daxil olmuş tələbələri təbrik edən Zəlimxan Məmmədli onlara öz tövsiyyələrini verdi. Hər iki görüşün sonunda iştirakçılara Elat atributları təqdim olundu.


“Borçalı” cəmiyyəti həm də bir institutdur”

Avqustun 8-də Dmanisidə dostlarla vidalaşıb Marneuliyə yollandıq. Marneulidə Mülki Məşğulluq Mərkəzində (USAİD) gənclər, tələbələr, ziyalılar və media nümayəndələri ilə “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin görüşü təşkil olundu. “Borçalı” cəmiyyətinin Gürcüstan təmsilçisi İsrafil Bayramov tədbiri açıq elan edərək iştirakçıları salamladıqdan sonra sözü Zəlimxan Məmmədliyə verdi. Zəlimxan bəy Ramazan bayramı münasibətilə iştirakçıları təbrik etdi. O, çıxışını Sovet imperiyasının tariximizə və milli kimliyimizə vurduğu zərbəylə başladı və onun dağılması səbəbləri barədə analitik fikir söylədi. Türk xalqlarının üstün keyfiyyətləri və onun bizlərə verdiyi məsuliyyət natiqin sözlərini bir az da rövnəqləndirdi. O, davam etdi: “Türkün müqəddəs ruhu bizi böyük olmağa səslədi və bu çağırış bizə “Gürcüstan dövlətinə dayaq ol!” söylədi. “Borçalı” cəmiyyəti mənim sədr olduğum vaxta qədər siyasətə cəlb olundu, ayrı-ayrı oyunlara təşviq edildi. 2009-cu ildən sonra isə, biz “Borçalı” cəmiyyətini siyasi proseslərdən xilas edə bildik. Camal Mustafayevin məsləhəti və təklifləri mənə kifayət qədər kömək etdi. Hamı bilməlidir ki, qeybət Borçalının problemlərini həll etməyəcək. Ona görə də, doğru düşüncəni önə verməliyik. İlk olaraq problemləri çeşidləməliyik. Məsələn: siyasi mahiyyət daşıyan problemlər. Burada toponimlərin dəyişdirilməsini misal göstərmək olar, belə ki, bu hal anayasaya ziddir. Bu cür səhvə yol verilibsə, bərpa olunmalıdır. İnsanların mənəvi dünyasını zədələmək olmaz. Bolnisdəki toponimlər bərpa olunarsa, Marneulidən dövlətə dəstək yürüşü baş qaldırar. İkincicisi, aqrar mahiyyət daşıyan problemlərdir. Torpaqların kiminsə tərəfindən zəbt olunması hüquqi diskriminasiyadır. Üçüncüsü isə, sosial mahiyyət daşıyan problemlərdir ki, bunu zaman həll edəcək. Belə ki, bu problemin öhdəsindən icmalaşma və maariflənmə gələcək. Nəsillərarası varislik, loyallıq sistemini bərpa etməliyik, ağsaqqallıq ənənəsini qaytarmalıyıq. Dediyimizə sədaqət borcumuz olaraq ilk öncə Camal Mustafayevin əsərlərindən ibarət “Fəlsəfi-tarixi araşdırmalar” kitabını nəşr etdirdik. “Borçalı” cəmiyyəti həm də bir institutdur. Onunla hörgütlənməyə, icmalaşmağa, ruhani dünyamızı, mənəvi varlığımızı inkişaf etdirməyə adət edirik. Biz ruhani dünyamızla maddi gücümüzün vəhdətini Borçalıya yönəldirik. Elat ruhundan mənəvi dünyamızın tərəqqisinə qədəm qoyuruq. Elat bayramı Gürcüstan dövlətinin təqviminə düşəcək. Geci-tezi ölkə başçılarının zirvə toplantısı Elat bayramında keçiriləcək. Çünki bu el bayramıdır. Elin gücü selin gücüdür. Amma təəssüflər olsun ki, bəzilərinin ovqatpozan addımlarına da rast gəlirik. Dmanisinin girəcəyindəki lövhədə “Dmanisi” göstəricisinin altına “Başkeçid” sözünü yazanlar doğru yoldan sapmışlardır, aravuranlardır. Bu, pravakatorların, ürəkbulandıranların işidir, yanlış düşüncədir”.
Zəlimxan bəyin bu odlu-alovlu çıxışı bütün iştirakçıları, xüsusilə də gəncləri sanki ovsunlamışdı. İndi o, gənclərlə bağlı fikrini söyləyirdi: “Sosial şəbəkədə sizinlə əlaqə saxlamağımın səbəbi Borçalı gəncliyini tanımaq və onları doğru yolda yürüməyə təşviq etməkdir. Məntiqimizin dostlaşmasına ehtiyac var. Borçalı gəncliyi böyük işlərə imza atmağa qadirdir. Siyasi dartışmalar millət və dövlət məsələlərində unudulmalıdır. İndi biz “Borçalı” cəmiyyətinin ağırlığını Borçalıya ötürürük. İsrafil Bayramov cəmiyyətin Gürcüstan təmsilçisidir. Biz gürcü cəmiyyəyinin bizə güvəncini təmin etməliyik, eyni zamanda Borçalı türkləri olaraq gürcü cəmiyyətinə güvənməliyik. İntellektual bazamız bu dediklərimizə cavab verir. Milli azlıqlarla əməkdaşlığı intensivləşdirməliyik”.
Bundan sonra, Osman Əhmədoğlu söz aldı: “Zəlimxan bəyin ideyasını dəstəkləyirəm və qeyd etmək istəyirəm ki, Elat təşəbbüsünü artıq Gürcüstan hökuməti də dəstəkləyir. İsrafil Bayramova gəldikdə isə, o, gənclərimizi birləşdirməyə qadirdir”. Bu il Elat bayramında “El adamı” mükafatına layiq görülmüş, “Vətəndaş” cəmiyyətinin sədri Səbinə Talıbova gəncləri diqqətli olmağa çağırdı: “Gənclərimizin Gürcüstan hökumətinin verdiyi qanunlardan da yararlanmasını istəyirik. Maliyyə çətinliyinə baxmayaraq, addım-addım irəliləməyi bacarmalıyıq”. Daha sonra, “Gənclər” təşkilatının sədri Leyla Məmmədova, Azərbaycanlıların Mədəniyyət Mərkəzi elm şöbəsinin sədri Etiram Əmirxanlı, eləcə də gənclərdən Emin Yadigarov, Vüsal Namazov, Amil Məmmədov, Gülcahan Acalova, Aqil Məmmədov, Gülbahar Kərəmova, Adil Xasməmmədov, Elvira Bədəlova və başqaları Zəlimxan bəyə və “Borçalı” cəmiyyətinə təşəkkür edərək, çıxışa münasibət bildirdilər.
Həmin günün ikinci yarısı görüş Azərbaycanlıların Mədəniyyət Mərkəzində davam etdirildi. Görüşdə bir sıra ziyalılar və fəallar iştirak etdilər. Görüşü giriş sözü ilə açan mərkəzin sədri Fazil Həsənov Borçalıdakı problemləri göz önünə gətirdi: “Məktəblərdə şagird azlığı mövcuddur, bu, məktəblərin bağlanmasına gətirib çıxara bilər. Bundan başqa, Gürcüstan əsilli iş adamlarının diqqətini Borçalıya yönəltmək vacibdir. Bu, işsizliyin və kasıblığın aradan qaldırılmasına səbəb ola bilər”. Fazil Həsənov çıxışında İsrafil Bayramovun “Borçalı” cəmiyyətinin Gürcüstan təmsilçisi seçilməsini alqışlayaraq, “Borçalı” cəmiyyətinin gördüyü işləri də dəstəklədiyini bildirdi. Bundan sonra söz “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədliyə verildi. O, iştirakçıları Ramazan bayramı münasibətilə təbrik etdikdən sonra çıxışa başladı: “Bu gün Gürcüstanın ali məktəblərində 1500-ə qədər tələbimiz təhsil alırsa, bu, bizim uğurumuzdur. Demək, potensiallı, intellektual gəncliyimiz gəlişməkdədir. Bizim Gürcüstanda yaşayaraq Azərbaycanın siyasi hökumətini dəstəkləməyimiz gülünc görünür. Ona görə də, nicat yolumuzu Gürcüstanın siyasi mühitində axtarmalıyıq. Yönümüzü Tiflisə çevirməliyik. Azərbaycan Borçalı gənclərinin maariflənməsi və gürcü cəmiyyətininə inteqrasiyası, eləcə də Gürcüstanın ictimai-siyasi platformasında təmsil olunması üçün cəfakeşlik etməli, investisiya qoymalıdır. Borçalıya investisiyanın cəlb olunması vacib şərtdir. Mən siyasi meydandan çəkilsəm də siyasi düşüncəmi tərk etməmişəm. Bu da “Borçalı” cəmiyyətinin düzgün mövqe tutmasında bizə yardımçı olur. Borçalı projesi ümumgürcüstan projesinə çevriləcək. Çünki burada insana sayğı, gürcü mədəniyyətinə və dövlətçilik ənənəsinə sevgi, Gürcüstanın bütövlüyü uğrunda mübarizə var. Təhsil və digər məsələlərlə bağlı bir sıra layihələrimiz var. Onları həyata keçirməyə çalışacağıq. Mənəvi borc mənəvi məsuliyyətə, mənəvi məsuliyyət isə böyük dəyərlərə çevrilir. Gürcüstanı qorumaq həm də Azərbaycanı qorumaq deməkdir. Azərbaycan, Gürcüstan və Türkiyənin dostluğu regionda sülh və təhlükəsizliyin qarantıdır. Ona görə də bu dostluğu inkişaf etdirməli, ən yüksək səviyyəyə çatdırmalıyıq”.
Tədbirdə yenidən söz alan Fazil Həsənov, – gənclərə xidmət və dəstək borcumuzdur, – deyərək vurğuladı ki, bəzi səhiyyə və digər obyektlərin müdiriyyətindən xahiş etmək lazımdır ki, Borçalının savadlı gənclərinə də yer versinlər. Bunu Fərman Ceyranovun da nəzərinə çatdırmağı vacib hesab edən çıxışçı sonda, kadr çatışmazlığı ucbatından məktəblərdə 80-90 yaşlı müəllimlərin çalışdığını da diqqətə çatdırdı.
Sonra söz “Borçalı” cəmiyyətinin Gürcüstan təmsilçisi İsrafil Bayramova verildi. O, gənclərə tərbiyə və təliminin, eynizamanda madiyyatın yox, mənaviyyatın üstün tutulmasının təlqinini çox vacib hesab edərək əlavə etdi ki, icmalaşmaq, yaxud partiyalaşmaq lazımdır, belə olsa seçkilərdə sözümüzü asanlıqla deyə bilərik. Parakəndə şəkildə bunu etmək mümkünsüzdür.
Tədbirdə eləcə də, Osman Əhmədoğlu, Mikayıl Mustafayev, Nizami Məmmədzadə, Qurban Əzizli, Aslan Görarxılı, Hidayət Hüseynov, Ehtiram Əmirxanlı və bir sıra gənclər iştirak etdilər.
Tədbirdən sonra qocaman aşıq Məhəmmədi ziyarət etmək üçün Sadaxlı kəndinə yollandıq. 85 yaşlı ustad çay süfrəsində həmişəki kimi baməzə söhbətlərindən qalmadı. Sözarası Osman Əhmədoğlu ondan zarafatyana, – arvad səni döymür ki, – deyə soruşdu. Aşıq Məhəmməd gülümsünərək, yox, atasına rəhmət, üzümü danlayır, amma döymür, – deyə cavab verdi. Beləcə bu zarafatlardan sonra, günümüzü Dəmirçihasannı bölgəsinin İlməzli kəndində Aşıq Cəlalla görüşməklə sona çatdırdıq.


Keyfiyyətlər məcmusu – Məhərrəm Həsənov

Avqustun 9-da Qarayazının Birlik kəndinə yollandıq. Amma bu dəfə səfər yoldaşlarım Osman Əhmədoğlu və Süddərxan Kazımov oldu. Süddərxan müəllimin idarə etdiyi avtomobil Birlik kəndində bir imarətin qabağında dayandı. Doğrusu, şah sarayına bənzəyən bu evdə 1999-cu il yanvarın 12-ə (rəhmətə getdiyi gün) qədər adı bütün Borçalılara bəlli olan, zamanında Gürcüstanın və Azərbaycanın hökumət dairəsinə yaxşı tanış olmuş Məhərrəm Rəsul oğlu Həsənov yaşayıb. Məhərrəm müəllim bölgədə o nüfuzun sahibi idi ki, rəhmətə gedəndə ailəsinə ilk rəsmi başsağlığı verən Heydər Əliyev və Eduard Şevardnadze olmuşdur. İndi isə həmin imarətdə onun övladları yaşayır. Bizi Məhərrəm müəllimin qızı Növrəstə xanım qarşıladı. Çay süfrəsinə dəvət etdi, lakin mənə Məhərrəm müəllimlə bağlı məlumatlar daha maraqlı olduğundan Növrəstə xanımı sorğu-suala tutmağa başladım. Hərdən şair Osman Əhmədoğlunun müdaxiləsi də xeyli işimə yaradı.
Əvvəlcə qeyd edim ki, Qardabani (Qarayazı) inzibati ərazisinə daxil olan Birlik kəndi Rustavi şəhərinin 2 kilometrliyində yerləşir. Mənbələrə görə bu kənd 1928-ci ilə qədər Təhlə elatının qışlaq yeri olub. Həmin kəndi özünə daimi yaşayış məskəni edənlər də elə bir qrup təhləlilər olub. Adı bəlli Məhərrəm Həsənovun həyat və fəaliyyəti elə bu kənddən – Birlikdən başlayıb. Növrəstə xanım atasının doğumu ilə bağlı maraqlı əhvalat danışdı. Belə ki, Rəsul kişi ilə ömür yoldaşı Laləzar xanım 7 il uşaq üzünə həsrət qalıblar. Sonda – Elatın Təhlədən Birliyə köçməsindən bir il qabaq Allah onlara birinci və sonuncu övlad bağışlayıb. O da necə? Laləzar xanım hamilə olduğu uşağını doğmaqdan əziyyət çəkirmiş. Yüz əvənçi yığılsa da, güc doğana düşər, – deyərlər. Belə də olur, əvənçilər çox çək-çevir etsələr də, uşağı dünyaya gətirə bilmirlər. Nəhayət, bir nurani qarının məsləhəti ilə Laləzar xanımı arabaya qoyub indi Təhlə qəbristanlığının yerləşdiyi Sarı təpənin yuxarısına doğru qaldırıb-endirməyə başlayıblar. Anasının bətnində iki gün çalxanan körpə nəhayət ki 1927-ci il noyabrın 18-də dünyaya gəlib. Adını Məhərrəm qoyublar.
İndi onun 7 övladı, 18 nəvəsi, 4 nəticəsi var.
Məhərrəm Həsənov Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra aktiv fəaliyyətə başlayıb. Bir müddət yaşadığı ərazidə Kənd soveti sədri olub, sonra uzun zaman Qardabani meyvəçilik-tərəvəzçilik sovxozunun direktoru vəzifəsində çalışıb, Eduard Şevardnadzenin vaxtında isə rayon deputatı seçilib və Gürcüstan prezidentinin milli məsələlər üzrə müşaviri təyin olunub. Sovxoz direktoru işlədiyi dövrdə 6 il respublika əmək yarışının qalibi olub. Onun gördüyü işlərin nəticəsi olaraq, ölkə rəhbərliyi Ümumittifaq elmi-praktik konfransı əkinçilik sahəsində misilsiz zirvələr fəth etmiş Qardabani meyvəçilik-tərəvəzçilik təsərrüfatında keçirməyə qərar verib.
Bacarıqlı və səriştəli təsərrüfatçı kimi onun təcrübəsi keçmiş Sovetlər İttifaqında dəyərləndirilmişdir. Aqrar islahatlarla bağlı ölkə səviyyəsində keçirilən toplantılarda sanballı iqtisadçı alimlər arasında onun boyu görünmüş, aqrar sənayenin inkişafında mühüm təkliflər vermiş, məsələyə özəl baxışı ilə hər zaman həmkarlarını heyrətləndirmişdir. O, özünün güclü potensialı ilə SSRİ mediasının diqqətini çəkmiş, tez-tez televiziya, radio verlişlərinin qonağı olmuş, qəzet səhifələrində barəsində sanballı məqalələr və müsahibələr yer almışdır. İşlədiyi müddətdə “Lenin”, “Oktyabr İnqilabı”, “Şərəf”, 2 dəfə “Qırmızı Əmək Bayrağı” ordenləri və 17 medalla təltif olunmuşdur.
Məhərrəm Həsənov ömür boyu kimə baxıbsa doğması kimi baxıb, nəyə yanaşıbsa sevgiylə yanaşıb. O, ağsaqqalla ağsaqqal kimi, alimlə alim kimi, fəhləylə fəhlə kimi danışmağın ustası olub. İşlədiyi müddətdə işçilərinə əvəzsiz qayğı göstərib, onlarla mehriban davranıb, eyni zamanda tələbkar olub. Lazım biləndə sovxozun məsul işçilərinin sayını azaldıb, fəhlələrin sayını isə çoxaldıb və bu üsulun bəhrə verdiyini də görüb. O, qabaqcıl işçilərə dayaq durub, mükafatlandırıb, hətta ən fəal işçisinə avtomobil bağışlayıb. İşlədiyi sovxozun əhatə etdiyi kəndlərdə yollara asfalt döşənməsi, su, qaz və telefon xəttlərinin çəkilməsi, üçmərtəbəli məktəb və klub bunasının tikilməsi, eləcə də Qardabaninin mərkəzindəki məscidin bərpası onun adıyla bağlıdır. O, insani keyfiyyətləri, təşkilatçılıq və rəhbərlik bacarığı, idarəçilik qabiliyyəti, eləcə də, ictimai fəaliyyətilə yaddaşlara həkk olunub. Bu baxımdan, onun ömür yolu maraqlı, rəngarəng, çoxşaxəli olub. Xaraktercə çox ciddi, zəhmli, eyni zamanda sakit təbiətli olub. Əqidəsində zəiflik olmayıb, əksinə itişüurlu olub, hətta bəzən sözünü çox kəskin deməyi bacarıb. Onun bu əlamətinin nəticəsidir ki, Borçalıların taleyüklü məsələlərində ölkə rəhbərliyi onunla hesablaşmalı olub. Haqsızlığa, satqınlığa və yaltaqlığa qarşı aqressivliyini gizlədə bilməməsi bəzən dayazdüşüncəlilər tərəfindən kinlə qarşılanıb. Lakin bu, onun əzəmətinə xələl gətirməyib. Xarakterində olan bütövlük ona kütləvi pərəstişkarlar qazandırıb. Məhərrəm müəllim istərsə rəsmi, istərsə də el məclislərində ədəb, davranış qaydalarına riayət edərmiş, məsləhət və təkliflərini verərmiş, sanki rəhbərlik, siyasi, danışıq, süfrə, ailə mədəniyyətləri onun təfəkküründə vəhdət halında birləşibmiş. Bundan başqa o, milli kökə bağlı, vətənə, yurda sədaqətli insan olub. Növrəstə xanım buyurur ki, atası hər zaman, – Bakıda hamının evi olsa da bizim olmayacaq, bu, yurda xəyanət olar, – deyirmiş. Məhərrəm müəllim ailəsinə də çox diqqətli olub, hətta gecə yatmazdan əvvəl ailə üzvlərini bir-bir yoxlayarmış. Onun müəllimlərə xüsusi hörməti və xidməti olub. Hər zaman elin xeyir-şərinə yarayıb. Borçalının Camal Mustafayev, Ayvaz Həsənov, Eyvaz Borçalı, Osman Əhmədoğlu, Suleyman Suleymanov və s. kimi dəyərli ziyalıları ilə sıx dostluq edib, onlara böyük hörmətlə yanaşıb. Birsözlə o, insana xas olan üstün keyfiyyətlərin məcmusu olub.
Məhərrəm Həsənovun həyatı haqsızlığa, ədalətsizliyə qarşı mübarizələrlə zəngindir. Sovetlər birliyi dağıldıqdan sonra saxta demokratların millətlər arasında münaqişə yaratdığı zaman o, öz müdrikliyi ilə xalqın arasına çıxmış, yığıncaqlarda, el şənliklərində, yas mərasimlərində sakinləri düşmənçilik toxumu səpənlərə, araqarışdıranlara qarşı ayıq-sayıq olmağa, avantüraya uymamağa çağırmışdır. Eyni zamanda, dövlət başçıları ilə əlaqə yaradaraq bu arzuolunmaz ocağın üstünə su tökməyi bacarmışdır. Bunlara paralel olaraq, dəfələrlə 1988-91-ci illərin saqqallı, silahlı gürcü milliyətçiləri tərəfindən təzyiqlərə də məruz qalmış, lakin xilas ola bilmişdir.
Məhərrəm Həsənov klassik və müasir Azərbaycan ədəbiyyatına, şərq və avropa ədəbiyyatına, tarixə, folklorumuza, muğama, aşıq sənətinə, epos ənənəmizə və dini bilgilərə yaxşı bələd olub. Bunu imarətinin ikinci mərtəbəsində övladları tərəfindən yaradılmış muzeydən də görmək olur. Orada divardan asılmış Azərbaycan bəstəkarlarının mahnılarından və xalq mahnılarından ibarət köhnə plastik vallar adama nostalji hisslər yaşadır. Valların üstünü oxuyuram: “İnsaf da yaxşı şeydir”, “Daşlı qala”, “Sudan gələn sürməli qız”, “Axtarma məni” və s. Muzeydə gümüş qaşıqlar, çəngəllər, həyat yoldaşı Gülüstan xanıma məxsus gümüş kəmər, atası Rəsul kişiyə aid xəncər, eləcə də müxtəlif ölçülü digər xəncərlər, suvenir qılınc, 1819-cu il istehsalı, hələ də işlək olan qıfıl, qədimi mücrü, tapıntı daşlar, iri və xırda mis səhənglər, simvolik işlək su dəyirmanı, təsbehlər, qayınatası Bəkir kişiyə məxsus qamçı, qırxılıq, xurcun, xurcun-heybə, çorablar, ağacların diametrini ölçmək üçün cihaz, dovşan, tülkü və digər heyvan dəriləri, çadır, cürbəcür qazan-layışlar, samovar, kirkirə, tərəzi, qrafinlər, üstündə Məhərrəm müəllimin rəsmi toxunmuş xalçalar, paltarları, vəsiqələri, eynəkləri, fotoları, foto albomları, beşaçılan tüfəng, Vef-214 markalı radio və digər eksponatlar göz oxşayır. Maraqlı olanlardan biri də, Məhərrəm müəllimin sonuncu yarımçıq yediyi şirniyyatın bir hissəsi, sonuncu çəkdiyi siqaretin (parlament) kötüyü, ehtiyat dərmanları və sarğı bintləri də muzeydə saxlanılıb. Bunlardan başqa, “Qurani-Kərim” də daxil olmaqla müxtəlif sahələrə dair kitablar, sənədlər, diplomlar, qəzet və jurnallar da muzeydə səliqə ilə düzülüb. Diqqətimi çəkən eksponatlardan biri də divardan asılmış kiçicik xalçanın üzərində Osman Qazi zamanında Osmanlı dövlətinin ruhani başçısı olmuş filosof Şeyx Ədəbalı həzrətlərinin Türkiyə türkcəsində yazılmış “Oğluma” şeiri oldu:

Bir baş ol ki, oğul!
Dimdik durasın,
Çiğnenip ezilmeyesin.
Bir göz ol ki, oğul!
Zehire bal süresin.
Bir el ol ki, oğul!
Yoksulu giydiresin.
Bir yürek ol ki, oğul!
Her zaman Hak diyesin.
Ayak olursun, oğul!
Karıncayı ezmiyesin.
Vakit kiymetli, oğul!
Sakın bol gezmiyesin.

Allah Məhərrəm müəllimin yerini behişt eləsin!
Beləcə, “Borçalı türklərinin Elat mədəniyyəti günü” yaylaq festivalından başlanan səfərimizi başa vurduq. Ulu Yaradan hər kəsin yolunu uğurlu, ovqatını xoş eləsin, inşallah!

Borçalı, 26 iyul-10 avqust 2013-cü il





Etiketler:




Elat mədəniyyəti bizə nələri deyir? başlıklı yazıya henüz eleştiri yazılmamış.





Elat mədəniyyəti bizə nələri deyir? başlıklı yazıya eleştiri yazabilmeniz için üye olmalısınız.

Üye değilseniz üye olmak için tıklayın.


Bilgi
Yayınlanma Tarihi:
25.8.2013 09:36:41
Toplam 0 yorum yapıldı
1126 çoğul gösterim
1097 tekil gösterim