1
Yorum
1
Beğeni
0,0
Puan
1083
Okunma
A bulaq
İlhamım həddini aşan vaxtıdı,
Çayların çağlayan, daşan vaxtıdı,
Bahar təbiətin coşan vaxtıdı,
Qayna, qayna, coş, a bulaq.
Xonçalar oynayan toy, şan vaxtıdı,
Nazlı gözəllərin nişan vaxtıdı,
Aşıqlar qoşmasın qoşan vaxtıdı,
Avazın da xoş, a bulaq.
Ruhum asimanda dolaşan vaxtı,
Talada bozqurdlar ulaşan vaxtı,
Ovçular bərədə, ov çaşan vaxtı
Sən də çağla, çaş, a bulaq.
Axarında olam qapqara bir daş,
Bir üzü qupquru, birisi də yaş,
Çünki daşda ağıl, kamal, yoxdu baş,
Olaydım kaş, kaş a bulaq.
Ağıl başdan gələr - gedər huş kimi,
Uzaqlardan, yaxınlardan tuş kimi,
Uçar qonar yuxularda quş kimi,
Qonaq kimi, Qoşabulaq.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
27.03.2012-ci il
Ay bahar
Başına mən dönüm ay gözəl bahar,
Ay ayla, il illə bir - birnə bağlar.
Yazınkı yağışdı, qışınkı da qar,
Fəsillər arası pozulmaz ilqar.
Ruhum min havalı, dəyişən ruzgar,
Gah solmuş xəzandı, gah da ki, gülzar,
Gəl ana yurduma, bir eylə güzar,
Səndədi əzəmət, səndədi vüqar.
Sən gələndə addım - addım adınla,
İlıq, isti nəfəsinlə, odunla,
Donmuş dünyam, don açılar donunla,
Səngərlinin qanı qaynar, ay bahar.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
27.03.2012-ci il