0
Yorum
0
Beğeni
0,0
Puan
980
Okunma
Hər təpə dağ olmaz, hər uçan qartal,
Hər kəsin özünün öz sambalı var.
Milçəklər düşməsin arıyla bəhsə,
Zənburun pətəklə dolu balı var.
Zatı olan gözlər ədəb-ərkanı,
Sözündə göstərər mərfət-kamalı,
Danəndə adama qurban et canı,
Hərcayının quru qeylü-qalı var.
Bir sözdən tanınar hal əhli olan,
Nanəcib eyləyər könlünü talan,
Kəlməsi, cümləsi, hər işi yalan,
Hiyləgər şeytanın məkri-alı var.
Müdrik sayılarmı ağıldan dayaz,
Söz demək istəyən düşünsün bir az.
Ağzına gələni danışmaq olmaz,
Hər sözü deməyin bir cür yolu var.
Atadan-babadan nəsihət bizə,
Qulaq vermə yanlış deyilən sözə.
Əflatun, səni də döndərər közə,
Sözünü bilməzin qalmaqalı var.