0
Yorum
0
Beğeni
0,0
Puan
865
Okunma
Alır da sırtına…
Alimi, zalimi, cahıl, cahili,
Arsız-pirsiz, piranini, irsizi,
Azğını-pozğunu, dilli, dilsizi
Alır da sırtına, gedir bu dünya.
Canlını, cansızı, ölü, dirini,
Divanə, dinsizi, şikəst, şirini,
Hər addımbaşında, hər an birini
Alır da sırtına, gedir bu dünya.
Qanan-qanmaz, qabırğası qalını,
Yanan, yanmaz, əliqalın, yalını,
Çalan-çapan bu dünyanın malını
Alır da sırtına, gedir bu dünya.
Sısqa, cılız, sıyrılmışın, sırtığın,
Yığanmayan seliyini, fırtığın,
Ağzıbütöv, həm ağızdan yırtığın,
Alır da sırtına, gedir bu dünya.
Səngərli, sərkərdan, səfeh, səfildən,
Fikirli, fikirsiz, firondan, fildən,
Nankor, namərd, naqafili qəfildən
Alır da sırtına, gedir bu dünya.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Bakı, 18.02.2012-ci il