0
Yorum
0
Beğeni
0,0
Puan
781
Okunma
Vicdanın vizası
Fələyin fitnə - fəsadı,
Fəryadı var, fəzası var.
Əzabları dəf etməyə
Əzəl gündən insan əqli,
Əl – ayağı, əzası var.
Bu dünyanın öz qəzası,
Yara vuran söz qəzası,
Cəhənnəmin cəzası var.
Rəbbin də tükənməz rəhmi,
Ruzisi var, rizası var.
Kələk gələr bu dünyada
Bic bicə də, gic gicə də,
Riyakarlar vicvicədə.
Könüllərdən könüllərə
Vicdanın da vizası var.
Qada - bala baxmaz yaşa,
Başım dəyib daşdan - daşa,
Hay-harayam başdan-başa.
Hiylələrdən hifz eləyən
Xudam xeyir - duası var.
Sürünənin, həm süzənin,
Tikən, quran, iş düzənin,
Nəfəs alan cəm varlığın,
Bu cahanda hər canlının
Öz yemi, öz qidası var.
Kimə ağrı, kimə ağı,
Çəkdirər çəkilməz dağı.
Başı quru, yaş ayağı,
Soldurar sağlam sayağı.
Yaşamağın yasağı var.
Özbaşına kimdi gələn?
Özbaşına kimdi gedən?
Gəlişin xoş səs – sədası,
Əbədilik gedişin də
Göz göynədən vidası var.
Hər cümlənin baş – ayağı,
Ya baş olar, ya bayağı.
Sözlərin söykək, dayağı
Vergül, nöqtə, qoşa nöqtə,
Ay Səngərli, nidası var.
~~~~~~~~~~~~~~~~~~~~
07.11.2011-ci il