0
Yorum
0
Beğeni
0,0
Puan
1156
Okunma
Səbəbkara bağlıdı
Aşığ elə bağlıdı,
Sona gölə bağlıdı
Bülbül gülə bağlıdı,
Gül bülbülə bağlıdı.
Yaylıq yelə bağlıdı,
Şana telə bağlıdı,
Kəmər belə bağlıdı,
Bel bədənə bağlıdı.
Ormanlar oylaqlara,
Örüşlər otlaqlara,
Yamaclar yaylaqlara,
Yallar yala bağlıdı.
Yazan elə yazıb ki,
Cızan elə cızıb ki,
Cığırlar cığırlara,
Yollar yola bağlıdı.
Quş səsi qulaqlara,
Çeşmələr bulaqlara,
Sal buzlar buzlaqlara,
Sızqı selə bağlıdı.
Dənizlər ümmanlara,
Şübhələr gümanlara,
Buludlar dumanlara,
Duman dağa bağlıdı.
Dolu badəm, piyaləm,
Demə xamam, xəyaləm,
Həyat deyilən aləm,
Aləm hara bağlıdı?
Payız qışa, yaz yaya,
Günlər günə, ay aya,
Heçlik, hesab, say saya,
Bir saraya bağlıdı.
Hər şeyin yaradanı,
Yarımada, adanı,
Qasırğanı, qadanı,
Canlı, cansız, bağlıdı.
Xarüqələr o, - Xalıq,
Yaxşı bilir ki, balıq,
Ucuzluqla bahalıq,
Xalq, Xaliqə bağlıdı.
Zəlzələ, sürüşmələr,
Çəkilmələr, çökmələr,
Leytək leysan tökmələr,
Bir xataya bağlıdı.
Yerin yeddi qatını,
Göyün yeddi qatını,
Çapan kəhər atını
Göy Ataya bağlıdı.
Olmuş, olan, zaman, an,
Şər iş, nişan, şərəf - şan,
Bu kainat, kəhkəşan,
Yaradana bağlıdı.
Səngərli, gəzmə səbəb,
Sənətkardı, mahirdi,
Səcdəgahdı, səcdədi,
Səbəbkara bağlıdı.
~~~~~~~~~~~~~~~~~~~~
17.04.2011-ci il, 14:02:54
Türkəm demək qəbahətmi?
(Şeir irtica İran rejiminə həsr olunur)
Ey Şəhidlər Xiyabanı,
Şeyx Məhəmməd Xiyabani,
Devirildi şah rejimi,
Ağrı, aman, ah rejimi!
İnqilabın beşiyində,
Daim durdu keşiyində,
Pişvazında Pişəvəri,
Cəhənnəmə Mir Cəfəri!
Nifrət “Mirlər”ə, miflərə,
Güc gələnməz qızıl güllə
Müstəqil ruh Müşfiqlərə,
Günəş doğdu üfiqlərə!
O da seyid, bu da seyid,
Biri insan, biri yezid.
Biri qan-qan dedizdirdi,
Biri qapaz yedizdirdi.
Zinharsa da, sındırmadı
Soyuq zindan, Qəsri-Qacar.
Düşməyəcək gündəmindən
Cünəş, Güney Azərbaycan!
Azərbaycanlılıq ruhu
Ölübdümü, axı harda,
Bu millətdə, bəs bu xalqda,
Üz döndərib olma haqq da?!
“Mən Türkəm” deyənlər Həbəşdə qultək
Ucuzca alınır, ucuz satılır.
“Mən Türkəm” deyənlər soyuq zindana
Qolları qandallı həbsə atılır.
“Mən Türkəm” deyənlər dar ağacından
Boğularaq, boğazından asılır.
“Mən Türkəm” deyənə ana dilində
Nə məktəb var, nə mədrəsə, hər kəsə.
Namusu tapdanır, arı tapdanır,
Dövləti tapdanır, varı tapdanır,
Molla rejimi də haqqını danır,
Oyanmış kütlə də haqqını qanır.
Kimi qandıracaq, kim inanacaq?
Çaxmaq çaxsa, alışmazmı od-ocaq?
Ümid çırağını kim yandıracaq
Qaradağa, Urmiyaya, Təbrizə?
Soysuzlar yanında soyumaz hirsim,
Ozanın sazında yaralı bir sim,
Qarşısı alınmaz güc, seldi irsim,
Ovsunsuz, duasız sınarmı tilsim?
Kəsimimdə nə kəm - kəsir, kəmiyyət,
Kordu məgər cümlə cahan, cəmiyyət?
Tüpür cəmdəyinə cəm laqqa – laqqa,
Haqq isənsə, həqarətə, nahaqqa!
Ay İlahi, rəvac vermə ilhaqqa,
İnam qalmaz onda Qurana, haqqa,
Dur deyən yox faşist farsa, falaqqa,
“Mən Türkəm” demək də qəbahət məgər?
Ey Hüseyn,
Bilirsə qədrini zər kimi zərgər,
Dünyada ədalət, haqq varsa əgər,
İnsanlıq naminə verilsin dəyər,
“Mən Türkəm” demək də qəbahət məgər?
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
17.04.2011ci il, 22:51:36