1
Yorum
1
Beğeni
0,0
Puan
1890
Okunma

Silkinib
çıxdım həyatından
alışdım
ayağımı döyən ayaqqabı kimi
ürəyimi yara eləyən
yoxluğuna
ayağımın
sağlam yerdə olduğuna
əmin olanda
buraxdım əlimi
ürək əməliyyatından çıxan
adam kimi
gözlərimi açdım sənsizliyə
tələbə ikən hər səhər
anamın süzdüyü çayda
üç qaşıq şəkər tozunu həll edib
tələsik başıma çəkməyim
yadıma düşür
yoxluğunu da elə qatdım canıma
silkinib çıxdım həyatından
barmağı yanan uşağın
hər dəfə
ütünü görəndə
“cız” deməsi kimidir
səni sayıqlamam
səni fərqinə vardığım
günah kimi
tərk etdim
doludan qaçan kimi qaçdım
hadisə yerindən uzaqlaşan kimi
uzaqlaşdım səndən
silkinib çıxdım həyatından
hərbi xidməti
qurtaran gün
başımı geriyə çevirib
ömrümün bir ili keçən o yerə
necə baxdığımı
təsvir edə bilmərəm
bax o gün
elə baxdım sənə
elə tərk etdim səni
silkinib çıxdım həyatından
siqaretin ucundan
havaya qalxdıqca
gözdən itən
tüstü kimiydi
xəyalın
səni itirdim yoxluğunda
özümü atınca boşluğuna
sürtünmə quvvəsinin təsirindən
alışıb yoxa çıxdın
səni itirdiyim yerdən
sənin olmadığın yerə
gələnə qədər
səni itirdim yoxluğunda
çətini unudana qədərdir
unudandan sonra
adama elə gəlir ki
heç sevmirmiş
baxır ki ölməyib
qurşun qolunu sivirmiş
...silkinib çıxdım həyatından...